İqtisadiyyat

Azərbaycanın dollardan imtinası yenə gündəmdə

24-12-2016, 00:31

Ekspertlər bildirirlər ki, verilən bəyanatlar siyasi xarakterlidir, dollardan imtina manatı daha da ucuzlaşdıra bilər...

 


Azərbaycanın dollardan imtinası məsələsi yenidən gündəmə gəlib. Son olaraq Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfenkci bu cür fikirlər səsləndirib. O bildirib ki, Azərbaycan və Türkiyə arasında qarşılıqlı ticarətdə milli valyutaya keçid iqtisadi artıma kömək edəcək, ölkələr arasında xarici ticarət əməliyyatlarını gücləndirəcək və sabitləşdirəcək. 

Nazirin sözlərinə görə, qarşılıqlı ticarətdəki hesablamalarda Azərbaycan manatı və türk lirəsindən istifadə çox əhəmiyyətlidir. Belə ki, bu, xərcləri aşağı salmağa, risklərə nəzarəti artırmağa və ölkələrin milli ehtiyatlarının xarici faktora qarşı həssaslığını azaltmağa imkan verəcək: "Həmçinin ticarətdə milli valyuta ilə hesablamalar, xüsusilə böhran dövründə xarici valyuta defisiti ilə əlaqədar mənfi təsirlərin qarşısını alacaq. Valyuta məzənnələrinin dəyişməsi riskinin qarşısının alınması idxal olunan malların qiymətində qeyri-müəyyənliyi, eləcə də xarici ticarətdə ziddiyyətləri azaldacaq”.

Nazirin sözlərinə görə, dünya iqtisadiyyatında cari qeyri-sabit vəziyyət ölkələr arasında qarşılıqlı ticarətə də təsir göstərib: "Türkiyənin Azərbaycana ixracı 2014-cü ildə 2,9 milyard dollar, 2015-ci ildə 2 milyard dollar, Azərbaycan məhsullarının idxalı isə müvafiq olaraq 291 milyon və 232 milyon dollar təşkil edib. Türkiyə 2014-cü ildə Azərbaycana 1,9 milyard dollar, 2015-ci ildə 276 milyon dollar, Azərbaycan isə Türkiyəyə müvafiq olaraq 884 və 839 milyon dollar investisiya yatırıb”. Nazir qeyd edib ki, Rusiya bu təşəbbüsə müsbət reaksiya verib və rəsmi şəxslər bəyan ediblər ki, qısa müddətdə ticarətdə milli valyutaya keçid üçün addımlar atıla bilər: "İran parlamentinin spikeri Əli Laricani də Ərdoğanın təklifini dəstəkləyib və bəyan edib ki, Tehran ticarətdə milli valyutaya keçməyə hər zaman hazırdır. Çin və Türkiyə arasında isə cari il noyabrın 26-da ilk valyuta mübadiləsi aparılıb. İnanırıq ki, yaxın vaxtlarda biz bu təşəbbüsdən müəyyən nəticələr əldə edəcəyik”.

Ekspertlər musavat.com-a Azərbaycanın dollardan imtinasının nə dərəcədə mümkün ola biləcəyindən danışıblar. Ekspert Qubad İbadoğlu bildirib ki, Türkiyə Azərbaycanın idxalatda əsas partnyorudur:"Azərbaycan Türkiyədən daha çox mal gətirir. Bu o deməkdir ki, Azərbaycana daha çox lirə lazımdır. Türkiyədən Azərbaycana gətirilən malların həcmi çoxdur. Türkiyədə isə Azərbaycan malına o qədər də ehtiyac yoxdur. Azərbaycanda Türkiyə mallarına daha çox ehtiyac var. Bu formatda ümumiyyətlə Türkiyə, Azərbaycan, Rusiya ticarət sövdələşmələrində milli valyutalardan istifadə olunması son nəticədə dolların rolunu azalda bilər. Bu, o deməkdir ki, Azərbaycan bu halda daha çox Rusiyaya mal ixrac edir, deməli, Azərbaycanda daha çox rubl olacaq. Bu rublla müəyyən malları Rusiyadan gətirmək imkanına malik olacaq. Amma Azərbaycanda lazımi qədər lirə olmayacaq. Azərbaycan Türkiyə bazarında çox mal satmır. Türkiyə bazarından Azərbaycana çox mal gəlir. Lirə olmayacaq ki, Türkiyədən malı Azərbaycana gətirək. Bu, məsələnin texniki tərəfidir”. 

Image result for Ekspert Qubad İbadoğlu

Ekspertin sözlərinə görə, məsələnin siyasi tərəfi də var: "Siyasi tərəf daha önəmlidir. Azərbaycanın bu təşəbbüsə qoşulması manatın mövqeyini daha da zəiflədə bilər. Azərbaycan ümumi dünya iqtisadiyyatında ticarət əməliyyatlarına malikdir. Ölkəmizin ən çox bazara çıxardığı neft və neft məhsulları, qaz və digər xammallardır, bunlar da Azərbaycana müəyyən miqdarda valyuta gətirmək üçün əhəmiyyətlidir. Amma bununla yanaşı, Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri də Avropa Birliyidir. Azərbaycan Avropa Birliyi ölkələrindən daha çox mal gətirir, nəinki digər ölkələrdən. O baxımdan da hesab edirəm ki, istənilən halda Azərbaycana dollar, avro lazım olacaq ki, o idxalı təmin etsin. Bu hesablaşmalara keçid manatın məzənnəsinə təsirsiz ötüşməyəcək. Ümumiyyətlə, Azərbaycanın təşəbbüsə qoşulmasının tərəfdarı deyiləm. Çünki Azərbaycanın mövcud iqtisadi vəziyyəti və bütövlükdə ölkənin xarici ticarət balansının strukturu, tədiyyə balansının quruluşu belə qərarlar qəbul etməyə imkan vermir. Radikal qərarlar Azərbaycan iqtisadiyyatına ciddi neqativlər gətirə bilər. İqtisadiyyatda böhranı daha da dərinləşdirə bilər. Bu baxımdan, hesab edirəm ki, Azərbaycan  əvvəlki qaydada xaricdən investisiya əməkdaşlığını davam etdirməlidir. Dünyanın aparıcı valyutaları ilə sövdələşmələrini həyata keçirməlidir”.

Image result for Ekspert Natiq Cəfərli

Ekspert Natiq Cəfərli isə musavat.com-a bildirib ki, belə bir qərarın verilməsi daha çox siyasi qərardır: "İki ölkə arasında milli valyutalarla ticarətin mümkünlüyü haqqında bəyanatın olması ancaq siyasi xarakterlidir. İqtisadi cəhətdən bu cür mexanizmlərin qurulması çox çətindir. Çünki Türkiyə lirəsi dəyərdən düşür, manatda da oxşar vəziyyətdir, hər gün məzənnə aşağı düşür. Bu, iş adamlarının hər hansı bir uzun və orta müddətli müqavilələr bağlamasına mane olacaq. Hətta belə bir hadisənin olacağını qəbul etsək belə, iş adamları o məzənnə dəyişikliyindən özlərini sığortalaya bilməyəcəklər. Məzənnənin tez-tez dəyişməsindən özünü sığortalaya bilməyən iş adamı ziyana düşəcək. Bu yöndə hər iki valyutanın bir-birinə çarpaz məzənnəsi də dollar üzərindən olacaq. Yəni dollar üzərindən lirənin məzənnəsi müəyyən olunur, eləcə də manatın məzənnəsi təyin edilir. Bu çarpaz məzənnə ilə lirə-manat münasibətləri müəyyənləşdirilir. Yəni birbaşa manatla lirə arasında belə bir asılılıq yoxdur. Bunun həyata keçirilməsi problemlidir, olması ehtimalı da çox aşağıdır. Bu, ancaq siyasi bəyanatlardır”.

Ekspertin sözlərinə görə, Azərbaycanla Türkiyənin ticarət dövriyyəsinə baxsaq, ölkəmiz ancaq böyük həcmdə təbii qaz satır: "Təxminən 6 milyard kubmetrə yaxın qaz satırıq. Türkiyədən isə bir çox çeşidli mallar alır, istehlak mallarından tutmuş texnikaya qədər bir çox sahələrdə Türkiyə ilə əməkdaşlığımız var. Əsas məsələlərdən biri də ondan ibarətdir ki, Azərbaycanın Türkiyəyə satdığı məhsul az olduğundan, əsas ticarət tərəfdaşı dövlətdir. Amma Türkiyədən mal gətirmək üçün özəl sektor fəaliyyət göstərir. Türkiyədən bizə mal gətirən iş adamları manat aldıqdan sonra neyləyəcəklər? Onu hansı sahədə istifadə edəcəklər? Manatı məcbur olacaqlar ki, yenidən dollara çevirsinlər və ölkələrinə aparsınlar. Azərbaycanda belə siyasət həyata keçiriləcəksə, dollar daha da bahalaşa bilər. Ona görə hətta böyük dövlətlər arasında on ildir ki, milli valyuta ilə ticarət barədə danışıqlar gedir, ortaq məxrəcə gələ bilmirlər. Budəfəki söhbət də populizmdir, iqtisadi cəhətdən həyata keçirilmə mexanizmləri kifayət qədər qaranlıqdır”. 

Röya RƏFİYEVA

Administratorla əlaqə

077 611-55-22

[email protected]