Media

Fikrət Fəraməz oğlu Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun onu xüsusi ittiham qaydasında məhkəməyə verilməsinə münasibət bildirib.

23-12-2016, 14:20
Həbsdə olan jurnalist, Jam.az-ın baş redaktoru Fikrət Fəraməz oğlu Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun onu xüsusi ittiham qaydasında məhkəməyə verilməsinə münasibət bildirib. 
Xeberman.com saytının verdiy məlumata görə, O qeyd edib ki, həbsdə olduğu zaman icra başçısının belə bir addım atması qərəzli olmaqla yanaşı, həm sifarişlidir, həm də qanunsuzdur. Onun sözlərinə görə, Rafil Hüseynovun qərəzli olması onunla arasında uzunmüddətdən bəri davam edən məhkəmə çəkişmələrindən bəllidir. "Mənim doğulub boya-başa çatdığım rayonun problemləri ilə bağlı mütəmadi yazılar dərc etməyim icra başçısının qəzəbinə səbəb olmuşdur. Elə buna görə də, bir ilin içində icra başçısı tərəfindən dəfələrlə məhkəməyə verilmişəm. Hər dəfə Masallı Məhkəməsinin hakimləri tərəfindən müxtəlif qərəzli qətnamələr çıxarılıb. Sonuncu addımı isə tərəfimdən namərdlik kimi qiymətləndirilir”.
Fəraməz oğlu deyib ki, Masallı Məhkəməsinin hakimi Nemət Musayevin belə bir müraciəti icraata qəbul edilməsi Azərbaycan və dünya hüquq tarixində ilk hadisə olaraq qeydə alınacaq. Ona görə ki, Azərbaycan və dünyada hələ elə jurnalist olmayıb ki, məqaləsində yer verdiyi bir fikrə görə iki dəfə mühakimə olunsun. "Görünür, istər Rafil Hüseynov, istərsə də Nemət Musayev Arximedlik etmək istəyirlər. Və ya özlərindən Amerika kəşf etməyə iddialıdırlar. Çünki həmin iddiada qeyd olunan məqalələrdə dərc olunmuş fikirlərə görə, artıq bir dəfə mühakimə olunmuşam. Və Masallı Məhkəməsi bununla bağlı 16 oktyabr 2015-ci ildə hökm çıxarıb. Həmin hökmün icra müddəti isə 16 oktyabr 2016-cı ildə başa çatıb. Hər halda sənəddə qeyd olunan 1 il müddətinin başa çatmasını hesablamaq üçün heç də dərin savada malik olmaq lazım deyil:
Həbsdə olan jurnalist bildirib ki, hakim Nemət Musayevin belə bir müraciəti icraata qəbul etməsi, həm də ciddi qanun pozuntusu və vətəndaşın hüquqlarını tapdamaqdır. "Nemət Musayev hakimdir, onun qanunları bilməsi şərtdir. Lakin görünən odur ki, adamın qanunlardan belə xəbəri yoxdur. O zaman Masallı Məhkəməsinin hakiminə xatırladıram ki, Azərbaycan Respublikası Cinayət – Prossesual Məcəlləsinin 8.2-ci maddəsində qeyd olunub ki, hər hansı bir şəxs eyni məsələyə görə iki dəfə mühakimə oluna bilməz. Əgər bu şəxs bilərəkdən belə bir addım atarsa, o zaman bu işi şifariş əsasında həyata keçirdiyini birmənalı şəkildə nümayiş etdirir. Yox, əgər bilmirsə və ya qanunlardan xəbəri yoxdursa, hakimlikdə nə işi var? Nemət Musayev yaxşı olar ki, gedib təsərrüfatla məşğul olsun. Beləcə orada daha faydalı biri olmağı bacarar”.
Fikrət Fəraməz oğlu daha sonra deyib ki, indiki məqamda Rafil Hüseynovun bu cür davranışı, həm də onun kimlərinsə sifarişi ilə hərəkət etdiyini göstərir. "Aydın məsələdir ki, mənim həbsimi sifariş edənlər Rafil Hüseynovu da hərəkətə gətiriblər. Və bu "hərəkətverici qüvvənin” vasitəçisinin kim olduğunu da yaxşı bilirəm. Sifarişilər faktiki olaraq biabırçı durumdadır. Onlar mənim məhkəməmdə hansı rəzil günə qalacaqlarından tam əmindirlər. Ona görə də, Rafil Hüseynov kimi zavallı adamları ortalığa atıb, əsl sifətlərini gizlətməyə çalışırlar. Özlərini çox yormasınlar, çünki sonda biabırçı vəziyyətə özləri düşəcəklər. Onu da qeyd edim ki, yaxın gələcəkdə Rafil Hüseynov kimi daha neçə-neçə adamların əliylə məni məhkəməyə verəcəklərinə də şübhə etmirəm. Atalarımız gözəl buyurublar: Suda batan saman çöpündən yapışar. Bu adamların durumu da məhz atalar məsəlindəki kimidir”.
Jurnalist açıqlamasında vurğulayıb ki, istər onun həbsini sifariş edənlər, istərsə də Masallının icra başçısının bu cəhdləri daha çox hakimiyyət dairələrini çətin vəziyyətdə qoymaq və onları yalançı çıxarmaq üçün çalışmaqdır.
"Dövlət rəsmiləri dəfələrlə öz çıxışlarında bəyan edib ki, Azərbaycanda heç bir jurnalist peşə fəaliyyətinə və yazılışlarına görə həbs edilməyib və bu mümkün deyil. Həbsimin sifarişçiləri və icra başçısı Rafil Hüseynov isə hər vəchlə çalışırlar ki, Azərbaycan hökumətinin bəyanatlarını təkzib etsinlər. Onlar israrla çalışırlar ki, bütün dünyaya sübut etsinlər ki, Avropa şurasının qarşısında götürülmüş öhdəliklərin əhəmiyyətsizdir. Hadisələrin gedişatından belə başa düşürəm ki, bu adamların Azərbaycanın hakimiyyəti və onun rəhbəri ilə hansısa ciddi problemləri var. Bu adamlar maksimum dərəcədə çalışırlar ki, beynəlxalq təşkilatlarda hakimiyyət arasında konfrantasiya yaratsınlar. Əks təqdirdə xüsusi məqsədi olmayan, ağlı başında olan hər hansı bir məsul şəxs və ya məmur belə bir addım atmağa cəsarət etməzdi”. 
Fikrət Fəraməz oğlu sonda onu da qeyd edib ki, Rafil Hüseynov Masallı İcra Hakimiyyətinə özünün şəxsi obyekti kimi baxır. "Bu adam məhkəməyə öz adından ünvanladığı iddianaməsinin altından icra hakimiyyətinin möhürünü vurub. Masallı İcra Hakimiyyəti və onun möhürü Rafil Hüseynovun şəxsi mülki deyil ki, özünə aid olan məsələlərində istifadə etsin. Bu adam anlamır ki, həmin möhür dövlətə məxsusdur və yalnız dövlət əhəmiyyətli və ya dövlətin adından verilən sənədlərin üzərinə vurula bilər. Şəxsi məqsədlər üçün istifadə olunması isə mövcud qanunvericiliyə əsasən hüquqi məsuliyyət yaradır”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]