Siyasət

Səfirin qətli və böhran vitse-prezidentlik planını necə alt-üst etdi? - Qaranlıq detallar

23-12-2016, 13:46
Regionda cərəyan edən hadisələr və iqtisadi böhranın ayaq səsləri Azərbaycanda referendumdan sonrakı planları alt-üst elədi. 
Anaxeber.az-ın Analitik Mərkəzi yazır ki, siyasi hakimiyyət referendumqabağı nəzərdə tutduqlarını heç cür reallaşdıra bilmir. Ən vacib məsələ - vitse-prezidentlik təyinatı daha da yubanır. 
Rus səfirin Türkiyədə qətli, İsrail baş nazirinin Bakıya gəlişinə İranın reaksiyası, Ruhaninin İrəvanda Sərkisyana qardaş əli uzatması, dünyanın strateji siyasətini təyin edən ABŞ-da gözlənilmədən Trampın qələbəsi rəsmi Bakını daxili siyasətə yenidən nəzər yetirməyə vadar etdi.
İqtidar nə etməlidirsə, qonşuların və dünyanın Azərbaycana münasibətində balans qorunmalıdır. İndi bütün güclər dişlərini itiləyib və bu prosesin içərisində hakimiyyət hansısa qüvvəni qıcıqlandırmamalıdır. 
İlk növbədə də Kreml qulağımızını dibində "ayı” nəriltisi ilə hegemonluğunu nümayiş etdirir. Putin heç vaxt olmadığı qədər özünə arxayındır...
*** 
Vitse-prezidentlik institutunun geosiyasi hadisələrə bağlılığını tapa bilməyənlər üçün referendumun niyə keçirildiyini şərh etmək zəruridir. Referendum Konstitusiyaya əlavə və düzəlişlərdən öncə iqtidarın təzədən bölüşdürülməsi siyasəti idi. 
Bu ümumxalq səsverməsinin birinci mahiyyəti hakimiyyətin vahid mövqeyinə xidmət edirdisə, yəni söhbət YAP iqtidarının ömrünü uzatmaq, qaykaları bərkitməkdən gedir, digər vacib bənd məhz Naxçıvanla Bakı klanlarının hökuməti bölüşdürməsi idi. 
Əslində, bu kontekstdə zaman-zaman təhlillər olub. Lakin yeni iqtisadi siyasət və regiondakı olaylar vitse-prezidentlik məsələsinə təzədən baxmağı şərtləndirir. 
Hər şeydən əvvəl siyasi hakimiyyət çalışacaq ki, təyinatlar daha da yubansın. Bu təyinatların apreldə olacağı haqda proqnozlar səslənsə də, 2018-ci ilə kimi məsələnin qeyri-müəyyən qalacağı istisna edilmir. 
Elə prezident İlham Əliyev "Sputnik”ə müsahibəsində növbədənkənar seçkilərin olmayacağını deməklə həm də vitse-prezidentlərin təyin olunmayacağına eyham vurmuşdu. 
Bununla belə, onun yeni institutda postlara kadrlarını təyin etmək hüququ qüvvədə idi. Amma İ.Əliyev 2018-də özünün prezidentliyə namizəd olub-olmayacağı haqda belə əminliklə danışmamışdı. 
Bütün bu tərəddüdlər təkcə daxili siyasətlə yox, geopolitik vəziyyətlə əlaqədar idi. Buyurun, dünya qarışıb; kainatın təzədən bölüşdürülməsi uğrunda yeni savaşlar alovlanır, Rusiya və Türkiyə kimi mühüm qonşu ölkələrin başı cəncəldədir, İran isə ikrah hissi oyadan siyasətini yürüdür. 
*** 
Vitse-prezidentlərin təyinatında Kremlpərəst və Qərbpərəst qüvvələr nəzərə alınmalıdır. Amma tərəzinin ağırlığı sözsüz ki, Moskvanın üzərinə düşəcək. O baxımdan hakimiyyətin en üst eşelonu qərarlarda tələsmir. 
İndi iqtidar texnoloqları belə düşünür: su bulanıqdır və daşların yeri dəyişir, regiondakı proseslərin hansı məcraya gəlib çıxacağını təmkinlə gözləmək lazım gəlir. 
Naxçıvan qruplaşmasının Rusiya xəttinə yaxınlığı, Bakı klanının isə Qərb siyasətinə daha meyilli görünməsi bu məsələ üstündə baş sındırmağı tələb edir. 
Bakı klanı modern və reformist bir siyasət tərəfkeşidir. Halbuki, bu sistemin altında da ənənəvi olaraq dəyişməyən talançılıq ambisiyaları dayanır. Naxçıvan qruplaşması isə açıq və dəyişməz sistemi tərpətməməyi mühüm hesab edir. 
Onu da deyək ki, neftin qiymətinin düşməsindən sonra ölkədə başlayan və hələ də davam edən iqtisadi böhran, maliyyə problemləri hökuməti müəyyən islahatlar həyata keçirmək zərurəti ilə üz-üzə qoydu. 
Həm birinci devalvasiyadan, həm də ötən ilin dekabrında reallaşdırılan ikinci devalvasiyadan sonrakı ilk aylarda hakimiyyət mənsublarının ictimaiyyətə yönəlmiş açıqlamalarında geniş və təsirli iqtisadi islahaların aparılacağına dair vədlər əsas yer tuturdu. 
Hakimiyyət islahatları dərinləşdirməkdə maraqlı olduğunu göstərmək üçün bu ilin yanvarında Prezidentin İqtisadi İslahatlar üzrə Köməkçisi postunu təsis etdi. Bu vəzifəyə həmin vaxtadək vergilər nazirinin birinci müavini olan, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov təyin edildi. 
*** 
Natiq Əmirovun rəhbərliyi ilə islahatların "Strateji Yol Xəritəsi”nı hazırlayanların da əksəriyyəti (İlqar Fətizadə –maliyyə nazirinin birinci müavini; Sevinc Həsənova –iqtisadiyyat nazirinin müavini; Alim Quliyev - Mərkəzi Bank sədrinin birinci müavini; Vilayət Vəliyev –İqtisadiyyat Nazirliyinin İqtisadi islahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru; Ədalət Muradov – Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru; Emin Hüseynov – ADA Universitetinin prorektoru) məhz "yeni iqtisadi komandanın” nümayəndələri sayılır. 
Bu da idarəetmədə hansısa islahatların əleyhinə olan "köhnə qvardiyanın” prosesə müqavimət göstərməsini stimullaşdıran əlavə arqumentə çevrilib. "Köhnə qvardiya” və onların ətrafında cəmləşənlər "yeni iqtisadi komandanın” nümayəndələrinin rəyi ilə həyata keçirilən islahatların istənilən halda onların maraqlarına cavab verməyəcəyini düşünərək prosesə müqavimət göstərirlər.  Konstitusiya dəyişiklikləri üzrə referendumun nəticələrinin təsdiq olunmasına baxmayaraq, vitse-prezidentlik institutunun tətbiq olunması və vitse-prezidentlərin təyinatı məsələsinin qeyri-müəyyən vaxtadək ertələnməsi də bununla izah oluna bilər.
ANAXEBER.az
TURAN

Administratorla əlaqə

077 611-55-22

[email protected]