Siyasət

Hakimiyyət dözümlü olmalıdır, yoxsa xalq? - təhlil

21-12-2016, 17:24
Hakimiyyət dözümlü olmalıdır, yoxsa xalq? - təhlil
Vəziyyət ağırlaşdıqca hərə bir çıxış yolu deyir. Prinsipcə, bütün bu cəhdləri təqdir etmək olardı, əgər onların çoxu mənasız və hətta gülünc olmasaydı. "Təklif”lər arasında elələri var ki, adamda nəinki gülüş, hətta bir az qəzəb doğurur...

O gün baxıram ki, cəmiyyətə "təklif” vermək cəhdində bulunurlar. Amma bir görün, nə deyirlər? Deyirlər ki, lazım gələrsə, az yeyərik, hətta bəzi qidalardan imtina da edərik!..
Başa düşmək olmur ki, bunlar nə deməkdir? Millətlə "məzələnmək”, yoxsa adi bir sayğısızlıq?.. Bəli, hökuməti tənqid etmək, onu qınamaq və daha yaxşı işləməyə çağırmaq əvəzinə millətin qida rasionunda "fundamental islahatlar” aparmaq istəyirlər...

Düşünürsən ki, İlahi, bu nədir? Bəlkə hamılıqla pəhriz saxlayaq və yaxud hamılıqla dönüb vegetarian olaqmı?..

DÖZÜMLÜ XALQ...

Millət isə susur... Başa düşmək istəmir ki, ən böyük problemi hökumətinə təsirinin olmamasıdır. Məhz bunun nəticəsidir ki, hökumət "islahat”lar aparmaq üçün hər şey haqqında fikirləşir, təkcə etimad mandatından savayı... 

Millət isə susur və susur... Bu vaxta qədər bir millət kimi bizə iki ad yapışdırıblar. Biri "şair xalq”, digəri isə "dözümlü xalq” olub. Hər ikisi də bizim üçün lap əsl faciə olub...
Elə hey oturub özüm üçün fikirləşirəm ki, kim dözümlü olmalıdır? Bizim şanlı hakimiyyətimiz, yoxsa ulu millətimiz?..

Dünyanın hər bir yerində dözümlülük məsələsi ilk növbədə hakimiyyətlərə və siyasət adamlarına şamil edilir. Bəli, hakimiyyət tənqidə dözümlü olmalıdır, etirazlara dözümlü olmalıdır və eləcə də açıq və şəffaf olmalıdır...

Bu vaxta qədər Avropa İnsan Haqları Məhkəməsinin çox qərarları ilə tanış olmuşam. Həmin qərarların bəzisində açıq – aydın bir dildə yazılıb ki, hakimiyyət və siyasət adamlarına qarşı tənqidi fikrin sərhədləri daha geniş olmalıdır....    

Azərbaycanda bütün bunların heç biri yoxdur. Əsl həqiqətlərdən başqa hər şey yazmaq mümkündür. Bəlkə də Azərbaycanın ən böyük problemi də elə odur ki, əsl həqiqətləri yazmaq olmur... 

Arabir iki ildir ki, ölkədə baş vermiş böhrana bir sosioloq gözü ilə də baxmağa çalışıram. Hələ bircə dəfə olsun belə, adamlar arasında sorğu-filan keçirilməyib...

Məlum deyil ki, insanlarımızın neçə faizi hökumətin siyasətini dəstəkləyir, neçə faizi yaxın perspektivdə problemlərin həll olunacağına inanır... Bunlar millətin öz taleyinə biganəliyini də, siyasətə və siyasi proseslərə, seçkilərə və referendumlara etinasızlığını da özlərinə dəstək kimi qəbul edirlər. 

"Məntiq” çox sadədir: millət susursa və etiraz etmirsə, deməli hakimiyyətə dəstək verir. Təsadüfi deyildir ki, sentyabrda keçirilən referenduma da belə qiymət verildi: deyildi ki, cəmiyyət bizim bütün siyasi qərarlarımıza dəstək verir... 

HƏLƏ Ş.MONTESKYÖ BUNU GÖRMÜŞDÜ... 

Dəfələrlə yazmışam ki, hökumətlə bircə məsələdə razıyam ki, vəziyyətdən yalnız qəfil və sərt addımlarla çıxmaq mümkün olacaq. Di gəl, bütün bunlar böhrandan çıxmaq üçün kafidirmi?..
İki ildir hökumət problem ətrafında "gəzişmək”lə məşğuldur, onun əsl səbəblərinə varmaq, onu fundamental şəkildə çözmək istəmir. Ona görə ki, bu, onun öz maraqlarına ziddir. Elə addımlar atmaq istəyirlər ki, onlar irili-xırdalı məmurların maraqlarına toxunmasın. 

Bu isə heç bilirsinizmi ki, nəyə bənzəyir? Baron Münhauzenin öz saçlarından yapışaraq özünü bataqlıqdan çəkib çıxarmasına... Ölkədə baş verən proseslər sistemli islahatlar tələb edir. Birgə siyasi və iqtisadi islahatlar aparılmalıdır...

Fəqət, belə istək yoxdur. Bunların atdığı addımlara baxıram. Bir də görürsən ki, nəyəsə nəzarət etmək üçün qurum yaradırlar. Bir azacıq keçəndən sonra həmin qurumun özünə nəzarət etmək üçün başqa bir qurum qururlar. Beləcə, əsl bürokratik cəngəllik yaranır, inzibati xaos baş alıb gedir...
Dəfələrlə demişik ki, hökumətin işinə həqiqi nəzarət yaratmağın yolu demokratik və çoxpartiyalı parlament, müstəqil məhkəmə institutları yaratmaqdan, söz azadlığının təmin olunmasından keçir. 
Bunu hələ yüz illər əvvəl Ş.Monteskyö görmüşdü. Nahaq yerə o, hakimiyyəti üç yerə - icra hakimiyyətinə, qanunvericilik hakimiyyətinə və bir də ki, müstəqil məhkəmə hakimiyyətinə bölməmişdi...

Amma Azərbaycanda nə var?.. Faktiki olaraq heç nə - özləri qanun yazır, özləri onu icra edir və özləri də nəzarət edirlər...

Elə bu səbəbdən də bir vətəndaş və siyasi yazar kimi çox pessimistəm. Bəli, neft bazarındakı dəyişkən qiymət konyunkturası sayəsində yenə də müvəqqəti mülayimləşmələr ola bilər. Amma buböhrandan əsl çıxış yolu olmayacaqdır, sadəcə, iqtisadiyyatın kələ- kötürlərini və dəhşətli qüsur və çatışmazlıqlarını malalamaq olacaq...

ALLAH ADINDAN DANIŞAN ÇOXDUR, AMMA...

Millət də susur... Elə ona dəstək verməli olan mənəvi institutlar da susurlar. Burada bir detalı da qeyd etmək istərdim. O da budur ki, ağır böhran şəraitində mənəvi instituların təmsilçiləri, xüsusən də din adamları cəmiyyətin yanında olmaldır. Amma bizim din xadimlərimiz həmişə idarə olunanların deyil, idarə edənlərin tərəfində olmağı üstün tuturlar...

Halbuki başqa ölkələrdə və başqa dinlərdə belə deyil. Roma papaları dünyanı gəzib kasıblara, xəstələrə və digər problemi olanlara dəstək verirlər. 

Hələ də Roma papası ikinci İohann Pavelin Bakıdakı çıxışı mənim yadımdan çıxmır. Təsəvvür edin, çıxışın böyük hissəsi korrupsiyaya və bir də məmurları insanlarla daha ədalətli rəftar etməyə yönəlik çağırışlara həsr olunmuşdu. Amma bizdə belə deyil. Din xadimləri də az qala, özlərini məmurlar kimi aparırlar. Ona görə də həmişə deyirəm ki, bu ölkədə Allah adından danışan çoxdur, amma əsl Allah adamı isə çox azdır...

Elə bu səbəbdən də bir daha deyirəm ki, çox pessimistəm. Kaş, mən də bir yazar kimi yanılaydım, kaş, hökumət həqiqətən də ölkədəki böhranı aradan qaldırmağın uyğun reseptini tapaydı. Amma  ki, heç inanmağım gəlmir. Ona görə ki, necə deyərlər, Pir mənimdir, kəramətinə bələdəm...

Hüseynbala Səlimov, 

Administratorla əlaqə

077 611-55-22

[email protected]