İqtisadiyyat

Daha hansı banklar bağlanacaq? - Maliyyə vəziyyətləri ağırdır

20-12-2016, 16:52
Yaxın vaxtlarda Azərbaycanda daha iki bank bağlana bilər

Bu barədə bank sektoruna yaxın mənbələrdən məlumat daxil olub. Məlumatda bildirilir ki, hazırda "Muğanbank” və "Əmrahbank”ın daxilində bu bankların bağlanacağı ilə bağlı ciddi narahatçılıq hökm sürür.

Bu da təsadüfü deyil. Devalvasiyadan sonrakı dövrdə hər iki bankın maliyyə vəziyyəti xeyli pisləşib. Vəziyyətdən çıxmaq üçün banklar bəzi addımlar atsalar da, bunun yetərli olacağı şübhə altındadır.

Belə ki, "Muğanbank” böhranın təsirini azaltmaq məqsədilə işçilərin sayını ixtisar edib. Bu ilin ilk yarısında "Muğanbank” ASC-nin işçilərinin sayı 10%-ə yaxın azalıb. Bu barədə bu günlərdə bankın özünün yaydığı məlumatda xəbər verilib. Məlumata görə, "Muğanbank”ın işçilərinin sayı ilin əvvəlilə müqayisədə 84 nəfər azalıb. İxtisarların ilin ikinci yarısında da davam etdirildiyi, ancaq bunun problemi həll etmədiyi bildirilir.

Xatırladaq ki, "Muğanbank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 65 mln. manatdır. Bankın səhmlərinin 63,5%-i Elmir Maqbet oğlu Mehdiyevə (Bankın Müşahidə Şurasının sədri), 13,1%-i Maqbet Rəhim oğlu Mehdiyevə, 12,05%-i Vəfa Əhməd qızı Vəliyevaya, 11,35%-i isə Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur.
Qeyd edək ki, "Muğanbank” ASC maliyyə bazarında aktiv olan banklardan deyil. Ona görə də, bu bankın problemlərinin həlli üçün hökumətin yardım edəcəyi də gözlənilmir. Odur ki, ekspertlər "Muğanbank”ın lisenziyasının ləğv olunması ehtimalını yüksək qiymətləndirir.

"Əmrahbank”ASC-də problemlərin yaranması da ötən il həyata keçirilən 2 devalvasiya ilə bağlanır. Məhz bunun nəticəsi olaraq bank ötən ili 5,518 mln. manat zərərlə başa vurub. Halbuki, "Əmrahbank” 2014-cü ilin yekununda 1,289 mln. manat mənfəət əldə etmişdi… Cari ildə bankın zərərinin daha da böyük olacağı istisna edilmir.
Banka yaxın mənbələrdən verilən məlumata görə, "Əmrahbank” vəziyyətdən çıxmaq üçün valyuta bazarında aktiv fəaliyyət göstərməyə çalışsa da, buna da icazə verilməyib. Hətta bir neçə gün banka valyuta alıb-satmaq qadağan edildi. Hazırda isə dollar alsa da, satış həyata keçirmir. Ekspertlər bu bankın da ya bağlanacağını, ya da hansısa banka birləşəcəyini proqnozlaşdırırlar.

Qeyd edək ki, ölkənin böhran vəziyyətinə düşməsi bankları ağır vəziyyətə salıb. Bunun nəticəsi olaraq artıq 13 bank bağlanıb. Ancaq proseslərin gedişi daha bir neçə bankn bağlanacağını söyləməyə əsas verir. (azpolitika.info)

Administratorla əlaqə

077 611-55-22

[email protected]