Ölkə

Həbsdəki reket-jurnalistin səfir Abbasəli Həsənovla nə münasibətləri var? – NÜANSLAR

17-12-2016, 23:17
Həbsdəki reket-jurnalistin səfir Abbasəli Həsənovla nə münasibətləri var? – NÜANSLAR

Azərbaycanın Tacikistandakı səfiri, oğlu və qardaşı haqqında məlumatları saytlardan Surxay Əliyev sildirirmiş?

İsaq Həsənzadə seçkilər vaxtı öz rəqiblərini "vurmaq” üçün reket-jurnalistlərin "xidmət”lərindən faydalanırdı? 

 Bu yaxınlarda "Bizim Dövr” qəzetinin və bizimdovr.az saytının baş redaktoru Surxay Əliyev Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs olunmuşdu. Ondan 3 gün sonra, yəni, dekabrın 6-da isə kirvəlik münasibətlərində olduğu, "Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev həbs edildi. Hər iki şəxs şantajda, reket jurnalistikasında və müxtəlif şəxslərin intim videolarının çəkilməsində ittiham olunur.  Həmçinin, Surxay Əliyev və Habil Vəliyevin adları sabiq MTN başçısı Eldar Mahmudovun müxtəlif sifarişlərini yerinə yetirməkdə hallanır.

Qeyd edək ki, bu günlərdə Surxay Əliyevin anası Maya Əliyeva müvafiq qurumların rəhbərliyinə şok effekti yaradacaq məktub yazıb. M.Əliyeva oğlu S.Əliyevdən imtina etdiyini, onun haram pul qazandığını, özünün dediyi kimi "xox gələrək pul aldığını” bildirib: "Bir gün özü kimi dostları ilə bahalı maşınlarla kəndə gəlmişdi. Qonşuluqda olan bir qadın gəlib soruşdu ki, uşaqlar presi neçəyə verirlər, ot, yoxsa yonca presidir. Oğlanlarıma dedim ki, siz o balaca maşına presi necə yığımısız, qonşu gəlib pres istəyir.

Dedilər "ay ana biz pres satmırıq, söz satırıq. Bizim üçün fərqi yoxdur iş görsünlər, ya görməsinlər. Biz xox gəlirik, pulumuzun yiyəsiyik. Versələr, yaxşı adamdılar, verməsələr pis. Beləcə, şər-böhtanla işimizi görürük”.

İndi başa düşdüm ki, mənim dörd oğlum yox, dörd dərdim var imiş. İndiyə kimi oğlanlarım tərəfindən mətbuatda və internet deyilən şeydə gedən yazıların hamısı yalan, şər-böhtandı: "Mən oğluma dedim ki, sənin dostun Habil Vəliyevdən gözüm su içmir, ondan nə qədər uzaqlaşsan, o qədər xeyir taparsan. O dələduzdan sizə dost olmaz. Abır- həyanızı kişi kimi qoruyun!”.

 Bu günlərdə LEGİON-a Surxay Əliyevlə bağlı diqqətçəkən başqa bir məlumat da daxil olub. Belə ki, yaxın aylarda ölkə mətbuatı Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov və onun qardaşı İsaq Həsənzadənin sahibkar Aydın Bağırova 20 min ABŞ dolları pul atmasından yazırdı. Habelə, indi həbsdə olan "Global” şirkətinin rəhbəri Miryunis Mahmudovun kürəkəni Anar Abbasəli oğlu Həsənovun 19 may 2015-ci ildə baş verən bina yanğınıyla bağlı istintaqa cəlb olunduğu, sonradan isə "naməlum” şəkildə ölkəni tərk etdiyi bu məlumatlarda qeyd olunurdu. Sözügedən məlumatlar cəmiyyətdə səs-küy doğursa da, az keçməmiş, bu mövzuda dərc olunan yazılar bir-bir əksər saytlardan yığışdırıldı.

 LEGİON-a daxil olan məlumatda bildirilir ki, bu "yazısilmə kampaniyası”nın arxasında məhz Surxay Əliyev durur ki, onun Abbasəli-İsaq qardaşları ilə münasibətlərinin tarixi "çox qədimlərə” dayanır. Belə ki, mənbələrin bildirdiyinə görə, əvvəllər İ.Həsənzadə bir neçə dəfə Gədəbəydən deputatlığa namizəd olub və öz rəqiblərinə, xüsusilə də hazırda Bəydəmirli soyadı daşıyan sabiq deputat Nazim Məmmədova qarşı dezinformasiya xarakterli məlumatların yayılmasında Surxay Əliyevin "xidmətlərindən” istifadə edib.

Bundan savayı, mənbələr qeyd edir ki, Həsənzadənin nəzarətində olan "Komfort” mebel mağazaları ilə bağlı da istənilən məlumatın saytlardan silinməsi sifarişini də məhz Surxay Əliyev yerinə yetirib: "Hətta bina yanğınıyla bağlı məlumatlarda Anar Abbasəli oğlu Həsənovun adının ötəri şəkildə keçməsi belə Surxay Əliyevi narahat edir, müxtəlif saytların rəhbərlərinə zəng edərək, ya şirin dillə "düzəliş” etməyi xahiş edir, şirin dillə alınmadıqda isə "Anar Həsənovun adını yazıdan silməsəniz, başınız ağrıyar” deyə təhdid edirdi.

Beləliklə, Surxay Əliyev indi həbs olunub və onun əməllərinə dövlətin aidiyyatı qurumları tərəfindən hüquqi qiymət verilməkdədir. Lakin ümid edirik ki, tezliklə, Surxay Əliyevin səfir Abbasəli Həsənov və onun qardaşı İsaq Həsənzadə ilə "işgüzar” münasibətlərinə də aydınlıq gətiriləcək.  

Şamil Əfəndi

LEGİON

Administratorla əlaqə

077 611-55-22

[email protected]