Gündəm

Əgər icra başçıları prezidenti eşitmirsə…

14-12-2016, 22:47
  Əgər icra başçıları prezidenti eşitmirsə…Ölkədə böhranın hansı səviyyədə olduğu məlumdur. Əsas məsələ isə böhrana qarşı hər hansı tədbir görülüb-görülməməsidir. Ölkə başçısı tez-tez televiziyalarda göstərişlər verir, məmurları hədələyir, niyə daha yaxşı işləmədiklərini soruşur. Bütün bunlar hər kəsə aydındır və bu hallar demək olar ki, ildə bir neçə dəfə baş verir. Bütün bu çıxışların fonunda bəs reallıq bizə nə deyir?

Mətbuata nəzər salsaq prezidentin təyin etdiyi icra başçılarının davranışları özü mənzərəni açıb sərir önümüzə. Uzağa getməyə heç ehtiyac da yoxdur. Məsələn, Hesablama Palatasının təzəcə açıqlanmış bu məlumatına baxaq: Zaqatala rayon İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlar proqnozları bir sıra hallarda iqtisadi əsaslandırmalar və hesablamalar aparılmadan, həmçinin real tələbatlar müəyyən edilmədən tərtib edib, mənzil fondunun maliyyə təsərrüfat planı tərtib edilməyib, mənzil fondunun hər kvadratmetrinə düşən xərclər araşdırılmayıb, mənzil fondunun gəlirləri, o cümlədən mənzil haqqı az hesablanıb. "Yolların əsaslı təmiri” və "Mənzil fondunun əsaslı təmiri”, "Küçələrin süpürülməsi”, "Yolların işıqlandırılması”, "Abadlaşdırma xidmətləri haqlarının ödənilməsi” xərcləri tənzimlənən müvafiq normalara uyğun deyil…

Belə məlumatlar yalnız Zaqatala rayon İcra Hakimiyyəti ilə məhdudlaşmır. Analoji korrupsiya faktları Abşeron və Cəlilabad rayon İcra Hakimiyyələrini də əhatə edir. Adı çəkilən rayonlardakı korrupsuya faktları Hesablama Palatasının açıqladığı faktlardır.


İcra Hakimiyyətlərindən narazılıqlar bununla bitmir. Mətbuatda icra başçılarından yüzlərlə şikayətlər var. Bəs ölkə başçısı müşavirələrdə demir ki, vətəndaşı incitməyin? Niyə vətəndaşın torpağı zəbt edilir? Niyə icra başçıları rayonları "burada mənəm, Bağdadda kor xəlifə”prinsipi ilə idarə edirlər? Niyə vətəndaş yağış yağan kimi küçələrdə suyun içində qalır? Niyə infrastruktura ayrılan pullar mənimsənilir?

İkinci bir məsələ – bu pulların mənimsənilməsinə niyə göz yumulur? Əgər cəzasızlıq mühiti yaranıbsa, heç kim etdiyi özbaşınalığa görə cəzalanmırsa, cinayət məsuliyyətinə cəlb edilməli olanlar vəzifələrinin icrasına davam edirsə, o zaman keçirilən müşavirələrin, edilən hədələrin anlamı nədir? Əgər icra başçıları belə heç bir narahatlıq hiss etmədən öz korrupsiya əməllərinə davam edirlərsə, o zaman nazirlərdən hansısa addımı gözləmək sadəlövlük olar. İcra başçılarının etdiyi korrupsiyaların, özbaşınalıqların cəzasız qaldığı bir sistemdə ortabab bir nazirin aylıq xərci əlbəttə ki, 300 min manat olacaq.

Aydın olur ki, ölkə başçısının keçirdiyi müşavirələr, etdiyi hədələr xalqı aldatmağa, hər şeyin yaxşı olacağına ümid yaratmağa hesablanıb. Amma bunu anlamaq o qədərmi çətindir ki, daha xalq bu yalanlara inanmır. Artıq boş soyuducular, yağışdan sonrakı gölməçələrlə əhatə olunan küçələr, dükanlardakı borc dəftərləri, işsizlik yalan tirajlayan televiziyalara qalib gəlir. İnsanlar düşünür ki, əgər prezidentin hədəsinə heç onun təyin etdiyi icra başçıları da məhəl qoymursa və buna görə cəzalanmırlarsa, deməli ölkə "əl əli yuyar, əl də üzü” prinsipi ilə idarə edilir. Artıq insanlar anlayır ki, korrupsiya bu ölkənin əsas idarəetmə prinsipidir, müşavirələrdəki çıxışlar da göz boyamaqdan, insanların hansısa islahata ümid bəsləməsini təmin etməkdən başqa bir şey deyil.

Aqil Məhərrəmov

Administratorla əlaqə

077 611-55-22

[email protected]