Siyasət

Amerika yəhudiləri və azərbaycanlılar Trampın otelindəki tədbirə etiraz edirlər

14-12-2016, 20:29

Amerika yəhudiləri və azərbaycanlılar Trampın otelindəki tədbirə etiraz edirlərBir qrup hüquq-müdafiə təşkilatı, Azərbaycan icmasının üzvləri və 8 yəhudi təşkilatı dekabrın 14-də Vaşinqtonda Kolumbiya dairəsində Trampa məxsus International Hotel-in qarşısında toplaşacaq. Onlar Azərbaycan hökumətinin qismən sponsorluq etdiyi yəhidi bayramının qeyd olunmasına etiraz etmək niyyətindədir, Turan-ın ABŞ-dakı müxbiri məlumat verib.

Aksiya bir neçə saatdan sonra, böyük Amerika yəhudi təşkilatlarının və yəhudi qruplarının konfransından sonra keçiriləcək. Həmin təşkilatlara, eləcə də Azərbaycan səfirliyinə prezident Donald Trampın Vaşinqtondakı otelində "din azadlığı və müxtəlifliyi”ni bayram etmək barədə dəvət göndərilib.

Tramp prezident seçkilərində qələbə qazandıqdan sonra Azərbaycan Trump International-da tədbir keçirən ikinci xarici dövlətdir ki, bu da regional analitiklər tərəfindən maraqların potensial qarşıdurması kimi qiymətləndirilir.

Ötən həftənin əvvəlində Bəhreyn səfirliyi həmin oteldə öz Milli bayramını qeyd edib ki, bu da etik problemlər yaradıb.

Azərbaycan səfirliyi Trampın otelində özəl tədbir keçirmək üçün nə qədər vəsait ödəməsi barədə sualı cavablandırmayıb. Eyni zamanda dəvətlilərdən bir neçəsi Turan-ın müxbirinə bildirib ki, tədbir "Prezident zalı”nda olacaq və ən azı $ 120000-a başa gələcək.

Trump International Hotel-in nümayəndələri bu məsələ ilə bağlı şərh etməkdən imtina ediblər.

Lakin bugünkü etirazın səbəbi təkcə Trampın oteli deyil. Təşkilatçılardan biri deyib ki, "insan hüquqları sahəsində pis göstəriciyə malik olan müsəlman ölkəsi niyə din azadlığı bayramını – Hanukanı qeyd edir?”

"Bəli, Azərbaycan öz yəhudiləri üçün tolerantdır, ancaq bu, despotik rejimə, insan hüquqlarının pozulmasına bəraət qazandırmaq, bizim dəyərlərimizlə manipulyasiya etmək üçün səbəb deyil.

Biz hökumət tərəfindən hüquqları pozulan azərbaycanlı qardaş və bacılarımız ilə həmrəyik”, – o əlavə edib.

"Bugünkü hadisələr Azərbaycanda vətəndaş cəmiyyətinin sıxışdırılması və insan hüquqlarının pozulmasına diqqətin yönəldilməsi məqsədilə Azərbaycan icması, həmçinin Vaşinqtondakı vətəndaş haqları qrupları üçün imkan yaradır”, – digər təşkilatçı qeyd edib.

Ötən yay vətəndaş cəmiyyətinə yenidən basqılar başlayıb, 26 sentyabr referendumu isə prezident İlham Əliyevin səlahiyyət müddətini artırıb və ona görünməmiş səlahiyyətlər verib ki, bunların arasında parlamenti buraxmaq, vaxtından əvvəl seçkilər keçirmək də var. Eyni zamanda repressiya ab-havası qalır. Azərbaycan hökuməti "demokratiyanın çiçəkləndiyini göstərmək üçün hər şeyə əl atır”.

"Biz International Trump Hotel-in qarşısında toplaşacağıq və Azərbaycan hökumətindən bütün vicdan məhbuslarının azad edilməsini, insan hüquqlarına əməl olunmasını tələb edəcəyik”, – aksiyanın təşkilatçısı vurğulayıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]