Maraqlı

Yəhudilərin 6 guşəli simvollarının sirri: Davud Ulduzu necə doğdu - Həmid Herisçinin yazısı

12-12-2016, 11:37

Türklərlə yəhudilərin oxşar dövlətçilik üslubu; İç Oğuz-Dış Oğuz modeli ilə İsrail-İudeya modelinin bənzərliyi

 


Qədim yəhudilərdə, bütün digər xalqlarda, o cümlədən türklərdə olduğu kimi, bir deyil, iki fərqli dövlət olub. Bəli, fikriniz indikinə getməsin. Lap qədim zamanlar xalqlar bir dövlət modelini qəbul etmirdilər. Misal üçün, qədim oğuzlarda bu bölgü "İç Oğuz, Dış Oğuz” qarşıdurması şəklində mövcudmuş. Əgər bu ənənə indiyədək qalsaydı, Azərbaycan müxalifəti indiki pis, məzlum günlərini yaşamazdı. İç Oğuza, yəni hakim YAP-a qarşı Dış Oğuz alternativ modelini qurub öz fəaliyyətini gücləndirərdi. 

Yəhudilərin də qədimlərdə oxşar qoşa dövlət modeli varmış. Şimaldakı dövlət İsrail, cənubdakı İudeya adlanırmış. Daim öz aralarında bizim İç Oğuz, Dış Oğuz, müxalifət-iqtidar kimi qütbləşib didişən bu dövlətlər hərdən, çox nadir hallarda birləşməyi də bacarırmışlar. Adətən yadelli düşmənlərə qarşı gedən müharibə zamanı bu cür birliklərə kəskin tələbat yaranarmış. Davud peyğəmbər vaxtiylə öz doğma vətəninin hər iki qanadını - İsraillə İudeyanı, birləşdirməyi bacarmış belə nadir tarixi şəxsiyyətlərindən biridir.

Gəlin indi bu refarmatorla yaxından tanış olaq.

***

Image result for Davut Peygambet

Adı Tövratda, Quranda dəfələrlə çəkilən Davud peyğəmbərlə tanışlığımızı, gəlin, müqəddəs mətnlərdən deyil, İtalyanın Florensiya şəhərindəki məşhur mərmər heykəlindən başlayaq. 8 sentyabr 1504-cü ildən bəri, yəni həmin heykəl indiki yerində qərar tutduğu vaxtdan etibarən abidə ətrafındakı söz-söhbətlər, dedi-qodular kəsilmir ki, kəsilmir. Əksinə, ili-ildən daha da artır. İndi bu söhbətlərə, nəhayət, mən də qoşulmaq istərdim. Əvvəla, heykəlin müəllifi-dahi heykəltəraş Mikelandjelo solaxay olub. Çəkici sol əlində tuta-tuta bu heykəli 7 il ərzində sal, bütöv mərmər daşından yonub hazırlayıb. Heykəldəki Davud da, diqqətlə baxsaz, solaxaydır. Sapandı sol əlində sıxaraq yəhudi xalqının qənimini - yekəpər Qalutu, atacağı bircə sərrast daş parçasıyla cəhənnəmə göndərməyə hazırlaşır.


Heykəltaraş Mikelandjelo, beləliklə, Davud surətindən istifadə edərək gələcək pərəstişkarlarına çox məxfi bir mesaj göndərib. Mesajda, təkcə elə həm Mikelandjelo kimi solaxayların sirri gizlənsəydi, nə vardı ki? Bu heykəldə əslində daha ciddi bir sirr yatır. Adına "Davud ulduzu” deyilən müqəddəs yəhudi simvolunun çox ciddi, daim qorunan, adi insanlara açılmayan sirri yatır ki, bu yazımızda bir onun üzərindəki qalın pərdəni azca qaldırmaq istəyirik.

Image result for Mikelandjelo


Mikelandjelonun mərmər Davudunu gəlin hələlik bir anlığa unudaq. Görək tarixi məxəzlər, ensiklopediyalar Davud peyğəmbər barədə bizlərə hansı məlumatları ötürür: "Davud (David) İsrail-Yəhudi dövlətinin (e.ə. 11 əsrin sonu-e.ə. təqr. 950) padşahı. Padşah Şaulun əvvəlcə silahdarı, sonra kürəkəni olmuş, lakin sədaqəti şübhəyə alındığı üçün Cənubi Fələstin səhrasına qaçıb sığınmışdı. Bir müddət fələstinlilərə xidmət etməyi də söylənilir. Saul (Şaul) öldükdən sonra Yəhudi padşahı elan edilən yəhudilərin bu ikinci hökmdarı özünün haq-ədaləti, xüsusi istedadı ilə həm əvvəlki, həm sonrakı ölkə rəhbərlərindən seçilirmiş. İsrail tayfalarının ərazilərini Yəhudi padşahlığına birləşdirmiş, kənanilərdən Qüds şəhərini alaraq paytaxt etmiş, bir sıra qonşu əraziləri tutmuş bu ədalətli hökmdar. Quranda Allah lütfünü qazanmış bəndə kimi tanınır. Quranın 57-ci ”Əl-Hədid" surəsində deyilir ki, bəs Allah-Təala, zirehli köynək hazırlama sirlərini də məhz Davuda ötürübmüş. Davud mərkəzləşdirilmiş İsrail-Yəhudi dövlətini yaratmış, əhalisini siyahıya almışdı (e.ə. təqr. 973 il). Yəhudi folklorunda Davud nəhəng pəhləvan Qaluta qalib gələn cəsur gənc kimi təsvir olunur. Tövratda Davuda aid Zəbur kitabı var. İslamda Davud Məhəmməddən əvvəlki peyğəmbərlər sırasındadır".

Image result for Yəhudi

***

İndi qayıdaq yuxarıda işarələdiyimiz "iki dövlət, bir millət” modelinə. Qədim yəhudilərdə, biz türklərdə olduğu kimi, xalq bir dövlət çərçivəsində deyil, iki fərqli dövlət şəklində fəaliyyət göstərirmiş. İndi gəlin bu fərqlərə ayrıca fikir verək - İsrail, bizim İç Oğuz kimi sağəlli hökmdar elitasının nəzarəti altındaydısa, İudeyada başqa elita hakimiyyətə iddialıydı. Orda solaxaylar, - bəli, düz eşitdiniz işlətdiyim bu mübahisəli kəlməni,- məhz solaxaylar hakimiyyət Olimpindən Dış Oğuza nəzarət edirmişlər. 

"Dədə Qorqud”un süjet xəttini diqqətlə izləsəz, görəcəksiz dastan "Dış Oğuz-İç Oğuz” qarşıdurmasında parçalayıcı qüvvələrə üstünlük vermir. Əksinə, İç Oğuzla Dış Oğuzun vəhdətini təmin edən Qazan Xana haq qazandırır. Belə deyək - o, həmişə məşhur misaldakı bir məlum faktın əleyhinə çıxaraq çalışır ki, adi məntiqin əksinə olaraq "iki qoçun başı bir qazanda qaynasın”.


Qədim yəhudilərdə solaxay elitasıyla sağəlli elitanı birləşdirən belə hökmdarlardan, Qazan xanlardan birincisi Davud peyğəmbər sayılsa, məncə düzgün olar. 

***

Qədimlərdən başlayaraq ta bu günümüzədək ən yaxşı qatillər, döyüşçülər Davud kimi solaxaylardan seçilib, müharibə meydanının ən gur nöqtəsinə atılarmış. Fələstinlilərin sağəlli Qalut adlı cəngəvərinə qarşı o vaxt yəhudilər bicliyə əl ataraq solaxay Davudu çıxarırlar. İddiamız, Tövratın "Hakimlər kitabı”ndakı çox nadir bir faktla da öz təsdiqini tapır. 

Orda deyilir ki, təxminən e.ə. 1406-cı ildə Bəni-Amin tayfası düşmənə qarşı  26 min əsgər, əlavə olaraq, 700 nəfər solaxay çıxarır. Sonuncuların, sapand atmaq işində tayı-bərabərləri yoxmuş. Qalutu qətlə yetirməkçün Davud kimi bu cür solaxaylara cəmi bircə daş parçası bəsmiş. Düşmən əsgərlərini bircə daşla cəhənnəmə vasil edən oxşar sapandçılardan biri də görünür elə Davud Peyğəmbərmiş.


Həmin döyüşün kitablardakı təsviri öz xüsusi dramatizmi ilə yadda qalır. Döyüşün əvvəlində, sən demə, Davud yoxmuş. Ancaq son saniyələrdə Davudun atası İşa, vəziyyəti kritik görüb Davudun sapandını xatırlayır.

- Qardaşların üçün yemək apar. Həm də müharibə meydanındakı vəziyyətdən mənim üçün təzə xəbər gətir.

Davudun özüylə müharibəyə götürdüyü cəmi bircə sapand, üç ədəd daş.

Yəhudi ordusunun sərdarı Taluta döyüşdən əvvəl vəhy gəlmişdi. Yuxuda görmüşdü ki, əynindəki zirehini bir başqası geyib, Qalutu qətlə yetirəcək. Talut, zirehini Davuda geyindirib görür ki, zireh, maşallah, bu gəncin bədən ölçülərinə tam uyğundur, əyninə yaxşı qalır. Hadisə, Talutu yaxınlarıyla birgə təəccübə gətirir. Talut deyir: "Ümidvaram Allah-Təala, Qalutu bu cavanın əli ilə məhv edəcək”.

Əsgərlər, qaya arxasında gizlənərək Davuda uzaqdakı Qalutu nişan verirlər. Davud, atdığı elə birinci daşla Qalutun başını yarmağa müvəffəq olur. İkinci, üçüncü daşla Qalutu yerə sərir.
Döyüşdən sonra Davudun adı dillərə düşür. Taul öz qızı Melholu ona ərə versə də, sonra əhdinə xain çıxır. İstəyir namərdcəsinə Davudu qətlə yetirsin. Ancaq arzusu gözündə qalır.
Zaman keçdikcə Davud məşhurlaşır. Bəni-İsrail onu özlərinə rəhbər seçir. Allah təala da, öz növbəsində buna biganə qalmayaraq, Davudu peyğəmbərlik həddinə çatdırır.

***

Tövrata görə, Davud 40 il hakimiyyətdə olub. 

7 il 6 ay İudeyanın hakimi olub, 33 il vahid İsrail-İudeya dövlətinə başçılıq etmiş bu hökmdar barədə danışmaqla qurtarmaz. Məhz bu hökmdar İudeya ilə İsrail, sağəllilərlə solaxaylar arasındakı əbədi qarşıdurmanı bitirib Qüdsü qurduğu vahid dövlətin paytaxtına çevirməyə nail olur. O vaxt da, altıguşəli ulduzu ( yəhudicə  - "Maqen David”-i) yəhudi vəhdətinin simvolu seçir. Qərara gəlir ki, Qüds, nə İsrailə, nə də İudeyaya tabe olmamalıdır. Azad şəhər olub, İudeya ilə İsraili sadəcə bir nöqtədə birləşdirməyi bacarmalıdır.

Buna görə o, iki fərqli üç bucaq piramidanı götürüb bir rəmzdə - altı guşəli ulduzda birləşdirir. Piramidalarının biri İudeyanı, digəri İsraili simvolizə edən bu rəmzi indi bütün dünyada "Davud ulduğzu” kimi tanınır.

***

Bizimkilərə məsləhətim odu ki, bu ibratəmiz hadisədən lazımi nəticə çıxarsınlar. İç Oğuz, Dış Oğuz, müxalifət, iqtidar düşərgələrinə çox da parçalanmayıb, aradakı ortaq nöqtələri tapmağa çalışsınlar.

Nəzərə alsınlar ki, bir cür yox, iki cür yəhudilər var. Sağəllilər də var, soləllilər də. Nəzərə alsınlar ki, İudeya ayrıdır, İsrail ayrı.

İndi özünüz fikirləşin, kimi seçirsiz bu bölgüdə?

Həmid HERİSÇİ

Administratorla əlaqə

077 611-55-22

[email protected]