Siyasət

"Camaat da deyəcək ki, Milli Məclisin büdcəsini artırıblar"

11-12-2016, 18:37
"Camaat da deyəcək ki, Milli Məclisin büdcəsini artırıblar"

"2017-ci il üçün Milli Məclisin saxlanma xərcləri 13% artırılır”.

Xeberman.com xəbər verir ki, bu barədə 2017-ci ilin dövlət büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı parlamentin İşlər idarəsinin müdiri Firudin Hacıyev məlumat verib.

F. Hacıyev bildirib ki, Milli Məclisin və onun aparatının saxlanması ilə bağlı 2017-ci ilin xərclər smetası layihəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun hazırlanıb. Və xərclər smetası, ştat cədvəlləri, inzibatı binaların, mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanan müqavilələr və proqnozlar əsasında tərtib edilib.

O deyib ki, 2017-ci il dövlət büdcəsində Milli Məclis və onun aparatının saxlanması üçün 23 mln. 89 min 714 manat vəsait nəzərdə tutulub ki, bu da 2016-cı il ilə müqayisədə 394 min 500 manat çoxdur.

F. Hacıyev əlavə edib ki, xərclər smetasının ümumi dəyərinin 71,5%-ni əmək haqqı fondu və əmək haqqına olan əlavələr təşkil edir:

"Bildiyiniz kimi, son illər ölkədə aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və Milli Məclisin deputatlarının xaricə səfərlərinin, eləcə də ölkədaxili ezamiyyətlərin sayı xeyli artıb. Bununla bağlı, 2017-ci ilin xərclər smetasında ezamiyyət xərcləri üzrə 1 milyon 110 min 900 manat məbləğində vəsait ayrılması nəzərdə tutulub. Bu da keçən illə müqayisədə eynidir”.

F. Hacıyev qeyd edib ki, parlamentə ictimai iaşə vəziyyətinin yaxşılaşdırlması məqsədi ilə yeni yeməkxana tikilir və növbəti ilə başa çatacaq.

Parlamentin büdcəsi ilə bağlı F. Hacıyevin çıxışına reaksiya verən Milli Məclis sədri Oqtay Əsədov bu cür münasibət bildirib: "Dedin ki, bu il Milli Məclisin büdcəsi 394 min manat artırılır. Camaat da deyəcək ki, Milli Məclisin büdcəsini artırıblar. Bu artım heç sənin işıq puluna çatmayacaq. Yəni artım yoxdur”.

Spiker bildirib ki, həqiqətən keçən illlər Milli Məclis çox böyük səylər nəticəsində ezamiyyət xərclərini aşağı salıb:

"Ezamiyyət xərcləri bizə çatmırdı. Çünki biz büdcəni keçən ilin noyabr ayında qəbul etmişdik. Noyabr ayından sonra iki dəfə devalvasiya oldu. Bizdə də ən çox dövlət təşkilatları içərisində xaricə ezamiyyətə gedənlər parlament nümayəndə heyətləridir. Bu ildən artıq iki dənə saxladığımız parlament nümayəndə heyətinin fəaliyyətini bərpa etmişik. Baş nazirə də məktub yazmışam, Samir Şərifova da demişəm. Ezamiyyət xərcləri məsələsi qeydə alınmalıdır. Çünki beynəlxalq təşkilatlarda Milli Məclis iştirak etməsə, işlərdə çox böyük axsaqlıq olar. Ona görə də dekabrın 16-da bu məsələlələr hökumətin diqqət mərkəzində olsun”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]