Siyasət

Xalqın güzəranı pisləşir, deputatlar isə mənzil hayında - Analoqsuz mənzərə

10-12-2016, 19:00
"Vaxtilə deputatlar və digər kateqoriyadan olan insanlar üçün mənzillər tikilirdi. Deputatlar üçün tikilməsi nəzərdə tutulan evlərə ayrılan pullar hara gedib?”

Bunu deputat Bəxtiyar Əliyev deyib. O xatırladıb ki, baş nazir Artur Rasi-zadənin 2006-cı ildə verdiyi sərəncamına əsasən yüksək məbləğdə dövlət vəsaiti hesabına deputatlar üçün binaların tikilməsi nəzərdə tutulub: 

"Üstündən 10 il keçib və dövlət büdcəsindən milyonlarla vəsait o şirkətlərə ayrılıb. Amma 10 il keçməsinə baxmayaraq, bu istiqamətdə iş görülməyib. Ona görə də mən baş nazirə burada müraciət edirəm ki, araşdırmaların aparılmasına göstəriş versin. Nədənsə bu məsələ bu günə qədər öz həllini hələ də tapa bilmir”.

Milli Məclisin sədri Oqtay Əsədov isə B.Əliyevə belə cavab verib: "Bəxtiyar müəllim, siz 2002-ci ildə deputat üçün tikilən mənzillərdən danışırsınız? 

Orada növbədə olan deputatların 80 faizi ya pullarını, ya da mənzillərini alıblar. İndi də binanı başa çatdırırlar. Bina başa çatan kimi mənzil almayanlar da alacaqlar”.

Bu məsələdə iki məqam var. Birincisi, ölkədə bahalaşma gedir, işsizlik artır, xalqın güzəranı ağırlaşır və belə vaxtda deputat ev hayındadır. 

Sanki deputatlar kirayədə yaşayırlar. Halbuki, eləsi var ki 3-4 mülk alıb. İkinci nüans isə həmin vəsaitin hara yoxa çıxmasıdır. Bu da ciddi korrupsiya şübhəsi yaradır. 

Həqiqətən də dövlətin ayırdığı pullar hara gedib? Bununla bağlı B.Əliyev Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edə bilər.

Qoy araşdırılsın ki, niyə bir bina 14 ilə tikilib başa çatdırılmayıb?! Deməli tikinti şirkəti ilə pul verən arasında şübhəli maliyyə əməliyyatları həyata keçirildiyi ehtimalı var. 

Ancaq indi əhalinin deputatların evi yox, kommunal bahalaşma, ərzağın qiymətinin qalxması, ixtisarlar, bank borcları, manatın yaratdığı iqtisadi fəlakətin necə olacağı həyəcanlandırır. 

Parlamentdə evsiz deputat da yoxdur, kirayədə yaşayanı da. Hətta biznesmen deputatların villaları, malikanələri, maşın kolleksiyaları, şirkətləri və var-dövləti barədə faktlar təqdim olunub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]