Siyasət

Prezident Tarif Şurasının qərarını ləğv edəcək? - ““Yaxşı oğlan”a çevrilmək istəyirlər”/ Açıqlama

10-12-2016, 01:53
Milli Məclisdə 3 gün davam edən büdcə müzakirələri zamanı deputatların tənqid hədəfinə tuş gələn qurumlardan biri də Tarif Şurası oldu 

Millət vəkillərinin əksəriyyəti Şuranın işıq və qaz pulunun artırılmasıyla bağlı qərarına qarşı çıxaraq, ciddi ittihamlar səsləndirdi.

Parlamentdəki gərgin müzakirələrdən sonra Tarif Şurasının son qərarlarının prezident İlham Əliyevin göstərişi ilə ləğv olunacağı iddiaları səsləndirilir. İddialara görə, ölkə başçısının xalqın narazılığına səbəb olan işıq və qazın bahalaşması ilə bağlı tapşırıq verəcəyi gözlənilir. Bu addımın özbaşına və mərkəzlə razılaşdırılmamış atıldığı bildirilir.

Məsələ ilə bağlı bakipost.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib ki, deputatların mövcud məsələyə reaksiyası başa düşüləndir: "Çünki bütün hallarda verilən qərarların gələcək sosial, iqtisadi, həmçinin ictimai nəticələri hesablanır.

Ümumən, dünyada qanunverici orqan hökumətə opponentlik edir. Əksər hallarda qarşılıqlı debatlar, hər tərəfin öz mövqeyini müdafiə etmək siyasəti vətəndaşların mənafeyini təmin etmək üçündür”.

Millət vəkili Tarif Şurasının məlum qərarından sonra hökumətdə müəyyən hazırlıqların aparıldığını qeyd edib: "Tarif Şurasının qərarına yenidən baxılması və ya onun ləğv edilməsi ölkə başçısının səlahiyyətində olan məsələdir. Mediada belə təhlillərin aparılması da başa düşünüləndir. Amma bizdə belə bir məlumat yoxdur. İndiki şəraitdə prosesin qərarların ləğv edilməsindən daha çox, alternativ tədbirlərin görülməsi yönündə getdiyini də görməmək mümkün deyil. Yəni, 2017-ci ildə əhalinin aztəminatlı hissəsinin həyat şəraitinin yaxşılaşdırılması, həmçinin "Strateji yol xəritəsi” ilə bağlı prezident İlham Əliyevin müvafiq qərarının yerinə yetirilməsi yaranmış şəraitdə ən düzgün yol olardı. Lakin manatın kursunu sabitləşdirmədən köklü iqtisadi tədbirlərin gözlənilən səmərəsini təmin etmək mümkün deyil. Ona görə də isahatları elə bir səviyyəyə çatdırmaq lazımdır ki, enerji sektorunda tariflər hökumətin sərəncamından çıxsın. Vətəndaşla müstəqil şirkətlər arasında münasibətlərə keçməsək, daim həmin mövzu cəmiyyəti narahat edəcək. Ona görə ölkə başçısı iki gün öncə mühüm tapşırıqlar verərək, Sabitləşdirmə Şurasına konkret vaxt verib”.

Zahid Oruc qeyd edib ki, Milli Məclisdə müxtəlif fikirlərin irəli sürülməsi dövləti güclü etmək, prezidentin indiyədək yürütdüyü siyasətin fəlsəfəsindən çıxış etməkdən irəli gəlir:"Qərəzlə və başqa maraqlar ucbatından müxtəlif nazirlikləri hədəf seçən yoxdur. Ucuz populizm dövrü çoxdan arxada qalıb. İnsanlara real iş lazımdır. Ona görə hansısa deputatın istənilən hər hansı qurumun ləğvi haqda insayder məlumatına söykənib kiminsə süni qəhrəmanlıq fikirinə düşdüyünü iddia edənlər yanılırlar”.

Deputat Tarif Şurasının razılaşdırılmamış şəkildə qərar verməsiylə bağlı yayılan xəbərlərə də münasibət bildirib. Onun sözlərinə görə, qaz və işığın tariflərinin qaldırılması ilə bağlı hökumətdə vahid fikir olub: "Tarif Şurasının tərkibi hamıya bəllidir. Hökumət hər halda məsələ ilə bağlı məlumatlı olub. Əsas qurumlar, onların təmsilçiləri Dövlət Neft Şirkətinin irəli sürdüyü təşəbbüsü xeyli müddət müzakirə edib. Hesab edirəm ki, burada zaman məsələsi önəmli olmalı idi. Belə ki, qaz və işığın istehlakı qış aylarında yüksək olur. Suya isə yayda tələbat artır. Belə olan təqdirdə əhalinin kredit borclarının, digər müxtəlif sosial yükünün pik dövründə qiymət siyasətinə yenidən baxmaq ajiotaja səbəb oldu. Hökumət içərisində müxtəlif qurumların tarif siyasətinə baxışı fərqli ola bilər. Ən sonda qərar verilibsə, o zaman avtonom olaraq onu yerinə yetirməmək, yaxud məsuliyyəti başqasının üzərinə yıxıb özlərini xalq içərisində "yaxşı oğlanlara” çevirmək heç bir halda fayda gətirə bilməz. Vahid komanda olmağın tələbi budur ki, ən yaxın gələcəkdə strateji məhsulları və infrastrkur layihələrinə xarici kompaniyaları qoşaraq dövlətin yükünü azaltmaq, beləliklə rəqabət vasitəsilə xalqı keyfiyyətli kommunal xidmətlərlə təmin etməkdir. Əgər Rusiyada dünən Rosneftin səhmlərinin 20 faizə qədəri satıldısa, deməli, neft sahəsinin özü belə dövlət qarışıq mülkiyyətə keçməyə məcburdur”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]