Müsahibə

“Hələ də gec deyil...” - İqbal Ağazadə ilə Azərbaycanın durumunun təhlili

9-12-2016, 19:49
 

Ümid Partiyasının sədri İqbal Ağazadə: "Biz ölkədə xaos, qarşıdurma olmasını istəmirik; çünki belə olanda Azərbaycana o qədər əllər uzanacaq ki, o əlləri kəsməyə kimsənin gücü çatmayacaq”

 


Ümid Partiyasının sədri İqbal Ağazadə ölkədəki iqtisadi, sosial, siyasi durumla bağlı "Yeni Müsavat”ın "Bizim qonaq” rubrikasında danışıb. Redaktor korpusunun suallarına cavabında İqbal Ağazadə məsələlərə özünəməxsus yanaşma tərzi sərgiləyib, eyni zamanda təkliflərlə çıxış edib.

- İqbal bəy, uzun müddət parlament üzvü olmusunuz, hökumətin atdığı addımları, onların arxasında duran məqamları və sairi bilirsiniz. Həm də məlumatlı bir partiya liderisiniz. Son günlərdəki diferensiallaşma adı ilə həyata keçirilən bahalaşma prosesini necə şərh edərdiniz? Hökumət bu addımı atmağa məcbur idimi?

- Hökumət çətin durumdadır. Həm büdcədə maliyyə qıtlığı, həm gözlənilən gəlirlərin azalması, neftin qiymətinin aşağı düşməsi, orta və kiçik sahibkarlığın sıradan çıxıb vergilərin aşağı düşməsi hökumət üçün ciddi problemlər yaradıb. İkincisi, strukturların xarici borclarının hamısı xarici valyuta ilə olduğuna görə, daxildə də manatın ucuzlaşması nəticə etibarilə xarici borclarda ikiqat artım yaradıb. Məsələn, tutaq ki, "Azərenerji”nin təxminən 500 milyona yaxın xarici borcu var. Onun bir qismi dollarladır, bir qismi isə avro ilədir. Azərbaycan manatı qiymətdən düşüb dollar və avro qalxıb. Dünən 100 milyon xarici borca qarşı ödəniləcək manatın miqdarı 78 milyon manat idi, bu gün 180 milyon manatdır. Əhalidən isə toplanan xarici valyuta deyil, manatdır...

- Amma yenə də sonda zərərlər əhalidən çıxmırmı?

- Bu, birmənalıdır. Əhalinin dərisindən çıxmadığını əsaslandırmağın heç bir yolu yoxdur. Bunun heç bir yolu yoxdur əsaslansın ki, əhalinin bir hissəsi 250 kilovatt elektrik enerjisi işlədəcək, bundan artıq işlətməyəcək; artım 72 faizin həyat şəraitinə təsir etməyəcək. Bunlar sadəcə cəmiyyətdə ajiotaj yaranmasının qarşısını almaq üçün ortaya atılan boş söhbətlərdir...

- Belə olmaya bilərdimi?

- Əlbəttə, olmaya bilərdi.

- Əsaslandıra bilərsinizmi?

- Məsələn, mən hələ 2009-cu ildə parlamentin iclasında neftin qiymətinin aşağı düşəcəyi proqnozunu vermişdim. Baxmayaraq ki, o zaman neftin qiyməti artan xətt üzrə gedirdi. Neftin qiymətinin qalxıb enməsi təkcə iqtisadi məsələ deyil. Bu, həm də ciddi siyasi məsələdir. O siyasi məsələnin fonunda da biz iddia edirdik ki, neftin qiyməti enəcək. Mən parlamentdə neftin qiymətinin düşəcəyini deyəndə nazirlərin əksəriyyəti gülürdü. Videokadrlar da var bunu təsdiq edən. Orada qeyd etmişdim ki, SSRİ kimi nəhəng imperiyanı neft 27 dollardan 12 dollara düşərək, çökdürdü. Neftin qiymətini biz müəyyən etmirik, neftin qiyməti beynəlxalq birjada bizdən asılı olmayan səbəblərdən qalxır və enir. Bizim iqtisadiyyat bilavasitə neft gəlirləri üzərində qurulmuşdu. Azərbaycan büdcəsinin təxminən 83 faizi neft gəlirlərinin üzərindəydi. O cümlədən, Azərbaycanın ixracatının 95 faizi məhz karbohidrogen ehtiyatlarının üzərindəydi. Bu, çox ciddi və faciəvi bir rəqəm idi. Əslində "holland sindromu”ndan neft ölkələrində tez-tez danışırlar. Azərbaycan "holland sindromu”nu məhz ixracatda karbohidrogen ehtiyatlarını 95 faizə qaldıranda, büdcənin neftdən asılılığını 83 faizə qaldıranda yaşamışdı. Təəssüf ki, hökumət bunu zamanında qiymətləndirmədi. Mən hətta o dövrdə də təklif etmişdim ki, neftdən gələn gəlirləri dollar şəklində olduğu kimi saxlayın və borclanmaya gedin və o borclanmanı şəffaf şəkildə iş adamlarına təklif edin. Bunları edə bilərdilər, amma etmədilər.

- Amma yenə də "ola bilərdi” ilə danışırsınız. İndi nə edilə bilər?


- Mərkəzi Bankın həyata keçirdiyi birinci devalvasiyadan sonra biz dövlətə üç istiqamətli "Antiböhran paketi” verdik. Birinci, ölkədə məşğulluq problemini həll etmək lazım idi ki, əhali özü qazanmağa cəhd etsin. Artıq dövlətdən subsidiyalar olmasın. Bunun ən optimal variantı tikinti sektorunu inkişaf etdirmək, məhdudiyyətləri aradan qaldırmaq, sosial layihələrə start vermək, ipoteka kreditlərinin yerinə dövlət sosial layihələrinin həyata keçirilməsini təşkil etmək idi. Çünki tikinti yeganə sektordur ki, onun 85 faiz məhsulunun istehsalı və sonrakı mərhələdə tətbiqi Azərbaycanın öz ərazisində baş verir. Kənardan yalnız 15 faiz tikinti materialları alınır. İkinci, kənd təsərrüfatında ixrac məsələsi vacibdir. Yeri gəlmişkən, mən bu təklifləri 2013-cü ildə prezident seçkilərində də vermişdim. Biz deyirdik ki, kənd təsərrüfatında 1 milyarddan yuxarı ixracat potensialı nəzərdə tutulsun və 18 faiz geriyə dönüş təmin olunsun. Məsələn, ölkədən bir manatlıq məhsul çıxaran hər adama 3 ay ərzində o valyuta geri dönən anda dövlət 18 qəpik mənfəət versin. Əksər dövlətlər belə edir. 18 faizlik bir geri dönüş artıq vətəndaşı kənd təsərrüfatına stimullaşdıracaq. Mənbəni də göstərmişdim. Kənd təsərrüfatına ayrılan təxminən 180 milyonluq subsidiyanın hesabına həyata keçirilməli idi...

- İqbal bəy, verilən təkliflər nəzərə alınmadı və gəldi bu vəziyyət yarandı. Hazırda nə etmək lazımdır, qənaəti necə və nəyin hesabına həyata keçirməliyik?

"Rusiya bizdən Avrasiya İttifaqına girməyi tələb edir, biz ona gedə bilmirik. Biz də Rusiyadan Qarabağı istəyirik və Rusiya da Qarabağı bizə vermir. Hər iki istək yerinə yetirilə bilmirsə, qalanları hamısı hekayədir”


- Burada bir neçə istiqamətdə paralel iş aparılmalıdır. Birincisi, hələ də gec deyil. Kənd təsərrüfatı sektorunda 3 faizlik ixrac potensialı yox, 18 faizlik ixrac potensialı yaradılmalıdır və geriyə dönüş təmin edilməlidir. Təəssüf ki, bunu ölkə başçısına 3 faizlə təqdim etdilər və 3 faiz müəyyənləşdi. 3 faiz stimul yaradası deyil. İkincisi, maliyyə bazarı sabitləşdirilməlidir və maliyyə bazarı azad buraxılmalıdır. Maliyyə bazarını süni şəkildə sıxışdırıb nəticədə süni maliyyə durğunluğu yaratmaq və sonra qarşısını ala bilməyib birdən-birə sıçrayışla irəli getməyi təmin etmək doğru deyil. Bu, nəticə etibarilə ciddi fəsad törədəcək.


Əslində bu günə qədər iki yox, üç devalvasiyanın olduğundan danışmaq lazımdır. Birinci devalvasiyadan daha çox son aylarda devalvasiya baş verib. Deməli, maliyyə bazarını düzgün tənzimləmək lazımdır. Qadağalarla, ölkədən pul çıxarmamaq qadağaları ilə bu mümkün deyil. Hökumət iddia edir ki, ərzaq məhsullarının 70 faizi ölkəmizin daxilində istehsal olunur. Bu, yanlış şeydir. Ölkəyə gətirilən ərzağın böyük əksəriyyəti sadəcə, burada qablaşdırılır. Qablaşdırıb üzərinə Azərbaycan etiketi vururlar. Gömrükdən isə onu yarımfabrikat şəklində keçirirlər. Bu, Azərbaycan istehsalı sayıla bilməz. İdxal-ixrac siyasətini düzgün tənzimlənmək lazımdır. Kənd təsərrüfatı ilə yanaşı tikinti sektoruna yeni bir start vermək lazımdır...

- Hansı əsaslarla?

- İş adamlarını stimullaşdıraraq, süni maneələri ardan qaldıraraq. Sizi əmin edirəm ki, hətta vətəndaşın özünün bu gün bazara giriş imkanları yoxdur, alıcılıq qabiliyyəti əvvəlki illərlə müqayisədə 3-4 dəfə aşağı düşüb. Amma 30 illik, 20 illik şirkətlərin özünün xarici banklardan vəsait almaq imkanları var. Sadəcə, dövlət iş adamlarına həmin layihələrin ciddi olduğunu təsdiq edən məktublar verməlidir. İş adamları da həmin pulları gətirəcək...


- Türkiyə prezidenti Ərdoğan xalqa dollardan imtina üçün çağırış edib və insanlar dollarlarını lirə ilə dəyişdirir. Bu metod Azərbaycanda keçməzmi?

- Ərdoğanın metodu heç Türkiyədə keçməyəcək.

- Amma dolların qiymətində eniş var.

"Rusiya qoşunlarını Qarabağda yerləşdirmək niyyətində deyil”


- 3,80-dən 3,37-yə enib. Bu, müvəqqəti enişdir. Qış aylarıdır. Türkiyənin valyuta gətirən sahələri bu gün qapalı sahələrdir, turizmdir. Ərdoğan istəsə belə dollardan uzun müddətə imtina edilməsi mümkün deyil. Dollardan imtina etmək mümkün olan şey deyil. Əgər sənin ölkənin vəsaitinin dəyərini dollar müəyyən edirsə, sən dollardan imtina edə bilməzsən.

- Deputat Qüdrət Həsənquliyev bildirib ki, müəyyən məqamlarda bir sabotaj elementləri müşahidə olunur. Hakimiyyətdə olanların prezidentə, dövlətə qarşı sabotajı ola bilərmi?

- Belə şeyləri müzakirə etməyə dəyər və sabotaj elementləri görünə bilər... Tutaq ki, ABŞ-ın yeni prezidentinin seçilməsi geopolitik vəziyyətdə bir qədər qeyri-müəyyənlik yaradıb. Bu kimi məsələlər dəqiqləşənədək Rusiya müəyyən emissarları vasitəsilə Azərbaycan kimi ölkələrə təsir etmək üçün hücuma keçə bilər. Daha çox Rusiyaya yaxınlaşmanı təmin etmək üçün. Hələ 2011-ci ildə sizin qəzetdə demişdim ki, Rusiyanın yanında deyilik... Azərbaycan yenə də Rusiyanın yanında olmaq istəmir. Amma içəridən buna ciddi təzyiqlər edilir. Rusiya ilə Azərbaycanın münasibətləri heç zaman müttəfiqlik və Rusiyanın istəkləri səviyyəsində həll olunmayacaq. Çünki ortada iki faktor var. Birinci faktor budur ki, Rusiya bizdən Avrasiya İttifaqına girməyi tələb edir, biz ona gedə bilmirik. Biz də Rusiyadan Qarabağı istəyirik və Rusiya da Qarabağı bizə vermir. Hər iki istək yerinə yetirilə bilmirsə, qalanları hamısı hekayədir.

- Bir müddət əvvəl demişdiniz ki, Türkiyə Ermənistanla sərhədlərini açsa bu, Rusiyanın cənubi Qafqaza təsirinin itməsinə gətirib çıxara bilər. Bu mövqeyinizdə qalırsınızmı və sərhədlər açıla bilərmi?


- Bu məsələ indi aktual deyil. Türkiyə hökumətinin özündə də problemlər var. Nə qədər arxayın görünməyə çalışsalar da əslində vəziyyətləri heç də rəvan deyil. Mən əvvəllər də demişəm ki, AKP ilk dönəmləri üçün Türkiyəyə fayda verə bilər, amma uzun müddətli iqtidarları Türkiyə üçün təhlükə ola bilər. Türkiyənin bu gün vəziyyəti heç regional balans siyasətini müəyyən edə bilən dövlət halında deyil. Türkiyənin indiki siyasi cəhətdən vəziyyəti Azərbaycanın siyasi cəhətdən vəziyyətindən daha ağırdır. Türkiyə hələlik yolunu müəyyən eləyə bilmir. Uzun illər mövcud olan şablonu dağıdıb və şablon da cıza bilmir. Yeni şablonu hardan cızırsa dağılır. Amma bu dəqiqdir ki, Rusiya gələcəkdə bu regiondan çıxmasa vəziyyət bundan yaxşı olmayacaq.

"Türkiyənin indiki siyasi cəhətdən vəziyyəti Azərbaycanın siyasi cəhətdən vəziyyətindən daha ağırdır; o, hələlik yolunu müəyyən eləyə bilmir”


- Rusiya regiondan çıxacaqmı?

- Çıxması, çıxarılması gözlənilir. Sərhədlərin açılması sadəcə bu prosesi sürətləndirər.

- Necə çıxacaq ki, Rusiya hazırda çalışır ki, Qarabağ konflikti kontekstində bölgəyə sülhməramlı adı ilə qoşununu yerləşdirsin və bölgədə möhkəmlənsin...

- Rusiya əgər qoşunlarını Qarabağa yerləşdirmək istəyirsə, ən azı forpostu olan Ermənistana münaqişənin həlli istiqamətində real bir bəlli variant verərdi və həmin variantda sülhməramlı qoşunların yerləşdirilməsi də əksini tapardı. Rusiya alovlandırmağı asanlıqla mümkün olan konfliktin qalmasını istəyir. Çünki belə vəziyyətdə tərəflərə təsir etmək daha asan olur. Abxaziya və Cənubi Osetiya münaqişələri Rusiya üçün ölü konflikt zonasına keçib. Artıq Abxaziya və Cənubi Osetiya Rusiyadan yox, Rusiya onlardan asılı vəziyyətdə qalıb. Fərz elədik ki, Qarabağ da bu vəziyyətə döndü. Belə vəziyyətdə Rusiya Azərbaycana və Ermənistana indiki kimi təsir edə bilməyəcək. Adicə 2-5 aprel tarixlərindəki döyüş Azərbaycanın bütün cəmiyyətini birləşdirən faktor oldu. Amma məğlubiyyət olacağı halda cəmiyyəti dağıdan faktora çevriləcəkdi. Ona görə də Rusiyaya məhz o faktor lazımdır ki, istənilən vaxt prosesə təsir edə bilsin. Odur ki, Rusiya qoşunlarını Qarabağda yerləşdirmək niyyətində deyil. Rusiya vəziyyəti o yerə qədər idarə etmək istəyir ki, dünyada güclər yenidən bölünsün və Rusiyanın ən azı, Sovetlər Birliyi dönəmindəki kimi, antidemokratik bufer zonası saxlansın.

- Qayıdaq sabotaj məsələsinə, net bir cavab verin, iqtidar içərisində prezidentə qarşı sabotaj varmı?


- Mənim əlimdə belə bir faktlar yoxdur. Amma Rusiya və rusiyayönümlülər eləyə bilərlər. Əgər onu prezidentə əsaslandırılarsa ki, qiymət artımı ölkəyə 300 milyon gəlir gətirəcək, mən iddia edirəm gəlir gətirməyəcək.

- Niyə?

"...Bütün bunları bilə-bilə qiymət artımına getmək ya sabotajdır, ya da hökumətin başqa çıxış yolu yoxdur ”


- Bunun sadə səbəbləri var. Əhalinin 47 faizi kənd rayonlarında yaşayır. Böyük əksəriyyəti istilik üçün məhz qazdan istifadə edir. Ona görə də 1500 kubmetrdən çox qaz yandıracağı şəksizdir. Ya bu adamlar qazı yandırıb pulunu verməyəcəklər, onlardan pul istəyəndə etirazlar yaranacaq. Ya da ümumiyyətlə, qazdan istifadə edə bilməyəcəklər. Deməli, gözlənilən vəsait dövlətə gəlməyəcək. Yaxud orta iş adamlarının vəziyyətinə baxaq. 8 hektar torpaqda istilikxana yaradan iş adamı ayda 90 min qaz pulu ödəyir. Onun gəliri 20 mindir, 10 min də əlavə xərcləri olur. Yeni tariflərə görə həmin iş adamı 90 min əvəzinə 180 min qaz pulu ödəməli olacaq. Bunu isə ödəməsi mümkün olmayacaq. Deməli, istilikxana bağlanmalı olacaq. Nəticədə heç o əvvəlki 90 min də ödənilməyəcək və müəyyən sayda da insan iş yerini itirəcək. Qeyri-əhali qrupunun böyük əksəriyyəti yeni tariflərin nəticəsində bax belə bir vəziyyətlə üz-üzə qalacaqlar. Eyni zamanda, bir çox məhsulların qiymətində artım olacaq və bu da bir tərəfdən əhalinin maddi durumunu ağırlaşdıracaq. Bütün bunları bilə-bilə qiymət artımına getmək ya sabotajdır, ya da hökumətin başqa çıxış yolu yoxdur.

- İqtisadi islahatları həyata keçirmək üçün islahatçı komandanın da olması vacibdir. Hazırkı komanda ilə islahat aparmaq olarmı?


"Mən parlamentdə neftin qiymətinin düşəcəyini deyəndə nazirlərin əksəriyyəti gülürdü. Videokadrlar da var bunu təsdiq edən”


- Mövcud komanda haqda nə desəm qərəzli qəbul ediləcək. Çünki deyəcəklər ki, müxalifət təmsilçisidir ona görə qərəzlidir. Amma gedən proseslər və faktlar, uzun illərin təcrübəsi göstərir ki, hakimiyyət islahatlara gedə bilmir. Ya zəlzələdən, ya vəlvələdən. Düşünürəm ki, bütün məsuliyyəti prezident götürməməlidir. Hökumətdən kənar müstəqil ekspertlərin, müxalifət nümayəndələrinin, bu sahədə işləmək istəyən tərəflərin ictimai əsaslarla prosesə cəlb olunmasına start verməlidir. Çünki içəridə gedən proseslər nəticə etibarilə təkcə xalqın ziyanına deyil, hakimiyyətin də ziyanınadır. Vətəndaşlar əziyyət çəkirsə bir gün bıçaq sümüyə dirənəndə o, bir gün indikindən fərqli münasibət sərgiləyəcək. Biz isə ölkədə xaos, qarşıdurma olmasını istəmirik. Çünki belə olanda Azərbaycana o qədər əllər uzanacaq ki, o əlləri kəsməyə kimsənin gücü çatmayacaq...

- Amma müxalifət niyə bu məsələdə ciddi rol oynamadı? Bəlkə müxalifət güclü olsaydı, mövqe ortaya qoysaydı hakimiyyət bu addımları fərqli atardı?


- ...

(davamı gələn sayımızda)

Hazırladı: Etibar SEYİDAĞA

Administratorla əlaqə

077 611-55-22

[email protected]