Ölkə

Məmur ailəsində böyüyən avtokillerləri kim durduracaq?

1-12-2016, 15:23
Məmur ailəsində böyüyən avtokillerləri kim durduracaq?Hər gün səhəri ağır qəza xəbərləri ilə açır, dəhşətli statistikalarla qarşılaşırıq: ölənlər, yaralananlar, maşını doğramaqla cəsədi çıxarılanlar və sair. Bu qədər hadisələrin fonunda ictimaiyyətdə daha çox diqqət çəkən və müzakirələrə səbəb olan isə məmur övladlarının uğradığı və ya törətdiyi qəzalardır. Mətbuatın gündəmindən düşməyən və daim diqqətdə saxlanılan bu hadisələr bir çox hallarda qəza törədənlərin vəzifəli atalarının işdən çıxarılması ilə nəticələnib. Xeberman.com mətbuatda gedən məlumatlara əsasən, bu hadisələrdən bir neçəsini təqdim edir: 

Cəmiyyətdə daha çox ajiotaja səbəb olan, hətta kütləvi etirazlarla nəticələnən hadisə sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu tərəfindən törədilmişdi. 2013-cü ilin yanvar ayında baş vermiş hadisənin yaratdığı nəticənin miqyası o qədər böyük oldu ki, ictimai asayişi pozmaq, vətəndaşları kütləvi iğtişaşlara çağırmaq və hakimiyyət nümayəndələrinə zor işlətməkdə ittiham olunan 18 nəfər həbs olundu, onlara müxtəlif müddətlərə həbs cəzası verildi. Hadisələr zamanı eks nazirin oğluna məxsus "Çıraq" oteli və onun bir neçə bahalı avtomobili yandırılıb. İlk olaraq nazirin həmin rayonun icra başçısı olan qardaşı Nizami Ələkbərov, daha sonra özü bu hadisələrdən sonra tutduğu vəzifədən azad olundular.

Mətbuatın gündəmində və ictimaiyyətin diqqətində daha bir hadisə isə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin keçmiş sədr müavini Mübariz Mədətovun oğlunun törətdiyi yol-nəqliyyat hadisəsi olub. Bu hadisənin daha çox maraq çəkməsinə səbəb məmur oğlunun törətdiyi hadisə nəticəsində ölənlərin xalq artisti, məşhur tarzən Ağasəlim Abdullayevin ailə üzvləri olması idi. Belə ki, bahalı "Mercedes-Benz G-55" avtomobili ilə qəza törədən Xalid Mədətov xalq artistinin həyat yoldaşı və nəvəsinin ölümünə səbəb olmuşdu.  Qəzadan sonra M.Mədətov vəzifəsindən azad edildi, oğlu isə məhkəmənin hökmü ilə 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 12 il həbs cəzasına məhkum edildi.
Yevlax Gömrük İdarəsinin keçmiş rəisi Əliməmməd Həsənovun polis orqanlarında işləyən oğlunun əməlləri də nəticəsiz qalmayıb. Bir neçə ay öncə Zığ şossesində avtoxuliqanlıq edən Tural Həsənov Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis orqanlarından da xaric olunub. Onun yarışdığı digər avtoxuliqan, dostu Rahib Abdulbağırov isə 15 sutkalıq həbs edilib. Atası Əliməmməd Həsənov isə Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Tərtər rayon icra başcısının keçmiş birinci müavini Vidadi Bəylərov da övladının törətdiyi qəzaya görə işdən çıxarılanlardandır. Belə ki, ötən il V.Bəylərovun yeniyetmə oğlu Elxan Bəylərlinin törətdiyi avtomobil qəzası nəticəsində bir nəfər ölüb. Bu fakta görə Tərtər rayon icra hakimiyyəti başçısının keçmiş birinci müavini Vidadi Bəylərov tutduğu vəzifədən azad olunub. Bir neçə müddət işsiz qalan Vidadi Bəylərov Tərtər rayonuna yeni icra başçısı təyin edilən Müstəqim Məmmədovun tələbə yoldaşı  Vidadi Bəylərovu həmin rayonun Telekommunikasiya qovşağının rəisi təyin edib.

Daha bir səs-küylü və faciə ilə nəticələnən yol nəqliyyat hadisəsi isə sentyabr ayının 27-də baş verib. Qəza nəticəsində bir gənc dünyasını dəyişib, biri isə yaralanıb. Dünyasını dəyişən 16 yaşlı Sənan Mirzəyev "McDonald s" - Azərbaycan şirkətinin icraçı direktoru Maqsud Mirzəyevin, yaralanan gənc isə Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğlu İlham Əsgərli olub. Hadisə Türkan-Qala yolunda baş verib. 

Həmin gün İlham Əsgərli Asif oğlu 2 sürücü ilə birlikdə "Mercedes S klass" markalı 90-AR-819 dövlət nömrə nişanlı avtomobili ilə Sənan Mirzəyevi yaşadığı General Həmidov kücəsində yerləşən "Grand Park"dan götürərək "paint ball" oynamaq üçün Mərdəkan istiqamətinə yollanıblar. Sürücülər maşının qabaq, Sənan və İlham isə arxasında əyləşiblər. Yolda sürücüdən biri başqa işlə çağrıldığı üçün maşından düşüb. Avtomobili Pərvin Fətullayev idarə edib. Qəzadan sonra məlum olub ki, sürücü Pərvin Fətullayev, həddi buluğa çatmamış və sürücülük vəsiqəsi olmayan 16 yaşlı İlham Ələsgərliyə sükanı qanunsuz verərək özü arxada əyləşib. Sənan Mirzəyev də qabağa keçərək İlhamın yanında əyləşib. 
Hadisənin sonu təsdiq edir ki, Pərvin Lətifov İlham Ələsgərlinin avtomobili necə idarə etməsinə sonra heç nəzarət etməyib. İlham Əsgərli avtomobili böyük sürətlə idarə edib. O, idarə etdiyi avtomobili qarşıda gedən, Qəbələ rayon sakini Əhliman Süleymanovun idarə etdiyi "Hovo" markalı yük maşınına çırpıb. 

Hadisədən dərhal sonra İlham Əsgərli 1 saylı Şəhər Kliniki xəstəxanası (Semaşko) xəstəxanasına, oradan isə Ankaraya götürülüb. Pərvin Fətullayev və Sənan Mirzəyev Sabunçu Xəstəxanasına aparılıb. Lakin qısa zamanda Pərvin Fətullayevi də buradan çıxararaq 1 saylı Şəhər Kliniki xəstəxanasına aparıblar. "McDonald s" - Azərbaycan şirkətinin icraçı direktoru Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyev isə Sabunçu xəstəxanasında qalıb və orada dünyasını dəyişib. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]