Gündəm

Şərin xeyrə dözümsüzlüyü…

30-11-2016, 20:37
Şərin xeyrə dözümsüzlüyü…

Nardaran hadisələrində iki ayağından güllə yarası alan Şamil Abdullayevin "Azadlıq” qəzətinə göndərdiyi yazını təqdim edirik:

"Bəşər tarixi əslində, savaşların, bir çox hallardasa xeyir və şərin mübarizəsindən ibarətdir. Bu savaşlar bəzən daha da kəskinləşmiş, bəzən hətta zahirən şərin qalibiyyəti ilə də nəticələnmişdir. Gedən savaşların arasında qalıb əzilən, əzab çəkən insanlarsa hər nə qədər kənara çəkilib bundan qorunmağa çalışsalar da, bir şəkildə mübarizənin parçasına çevrilmişlər.
O üzdən də insan insanlıq tarixinin xeyir və şər mübarizəsində öz yerini seçmək məcburiyyətindədir. İnsan hansı cəbhədə olduğunu ayırd etmək istəyərsə, yaşadığı cəmiyyətdə, çevrəsində, ictimai-siyasi arenada baş verən hadisələrlə yaxından maraqlanmalı, gördüyü, eşitdiyi, rastlaşdığı və əmin olduğu haqsızlıqlar barəsində düşünməli, hansı fikirdə, mövqedə olduğunu özü-özlüyündə müəyyənləşdirməlidir. Təbii ki, bu yolda ən etibarlı bələdçi insanın vicdanıdır.
Amma təəssüf ki, Azərbaycan, necə deyərlər öz vicdanının varlığını belə unutmuşlar tərəfindən idarə olunur və illərdir ölkənin varidatını talayanlar artıq sərvət ovçusu olmaqdan çıxıb indi insanların taleyini, ömrünü, arzularını ovlamaqla məşğuldur. Şərin təmsilçiləri xeyir çəbhəsindəki insanları təkcə həbs etmir, işgəncə verib onları bir dəfəlik məhv etmək istəyir.
Hakim rejimin "Nardaran işi” adı altında həyata keçirdiyi qanlı faciə də məhz xeyir və şərin mübarizəsinin nəticəsidir. Nardaranda və ölkənin bir çox rayonlarında həyata keçirdiyi həbslər şərin xeyirə qarşı göstərdiyi səbrsizliyin, dözümsüzlüyün nəticəsi olaraq ortaya çıxdı. Ölkənin inanclı kəsiminin gənc bir liderin ətrafında cəmləşib hakimiyyətin törətdiyi haqsızlığa, ədalətsizliyə, zorakılığa, ayrı-seçkiliyə, özbaşınalığa haqlı olaraq etiraz etmələri şərin səbrini daşırdı və nəticədə ölkənin tarixinə "Nardaran işi” adında qara bir ləkə vuruldu.
Bu gün Azərbaycanda demokratik dövlətin qurulmasını və gələcək nəsillərin belə ölkədə yaşamasını istəyən inanclı vətəndaşların həbs olunub zindana salınması, onlara işgəncə edilib hansısa ölkənin agenti elan etmək istəyi, silahlı qruplaşma yaratmaqla ittiham olunması təbii ki, şərin xeyrə dözümsüzlüyü ilə yanaşı, həm də nəyin bahasına olursa, olsun hakimiyyəti əldə saxlamaq niyyətindən xəbər verir. Lakin rejim bilməlidir ki, istər etirazlar olsun, ya da olmasın, sağlam idealogiyası olmayan hakimiyyət məhvə məhkumdur. Unutmamalıdırlar ki, insanları suçsuz olaraq həbs edib dəmir barmaqlıqlar arasına salsalar da, insanların qəlblərində olan azadlıq eşqi bu çətin yola hər zaman işıq salıb zülməti aydınladacaq.
Düzdür, repressiya dövründə baş verən hadisələr, problemlər qəlbləri niyyət və istiqamətindən döndərib bəzən mübarizə həvəsindən salır. Lakin bizlər əminik ki, xalqımız kimin xeyir, kimin şər cəbhəsində yer aldığını çox aydın görür. Xalqımızın qələbəyə inamı yaransa, heç bir qüvvə bu gücün və inamın qarşısında dayana bilməz. Bu dirənişdə bizlər haqsızlıq və zülmlə barışmamalı, bu ikisinin əleyhinə qətiyyətli mövqe nümayiş etdirməliyik. Cəmiyyətimizdə qeyri-demokratik və anti-islami düşüncələrin yayılmasına imkan verməməliyik. Təbii ki, məqsədimiz zor gücünə deyil, idrakla və elmlə imkan verməməkdir.
Biz inanırıq ki, xalqımız bu şər cəbhəsinin getməsi üçün xeyir cəbhəsində birləşəcək və demokratik Azərbaycanın qurulması uğrunda əzmlə mübarizə aparacaq. Bizim üçün zindan məğlubiyyət deyil, əksinə, xeyrin qalibiyyəti yolunda irəliləmək və dirəniş göstərmək üçün daha da inadkar olmaqdır.

Nardaran məhbusu Şamil Abdullayev

Kürdəxanı təcridxanası, 28.11.2016″


Administratorla əlaqə

077 611-55-22

[email protected]