Gündəm

Nardaranda yeni həbslər başlayıb

29-11-2016, 23:27

Nardaranda yeni həbslər başlayıb Nardaranda yeni həbslər başlayıb. Bu barədə noyabrın 25-də hüquq müadiəçisi Oktay Gülalıyev facebook səhifəsində məlumat paylaşıb.

"Bir il öncə əzizlərini itirmiş insanlara onların ildönüm mərasimini keçirməyə imkan vermirlər. 26 noyabr 2015- ci ildə 2- si polis olmaqla 6 nəfər şəxsin dünyasını dəyişməsi ilə nəticələnən qanlı hadisələrdən bir il keçir. 6 şəxsin 4- ü yerli kənd sakinləridir. Verilən məlumatlara görə yaxınlarını itirmiş yerli sakinlər islami qaydalara uyğun olaraq onlara il mərasimi keçirmək istəsələr də yerli icra qurumlarının ciddi təzyiqləri ilə üzləşiblər.

Onlara ildönüm günü dünyasını dəyişmiş şəxslərin qəbri üstünə dəstə halında, kütləvi şəkildə gedib onları yad etmələri və hər hansı yas məclisi keçirmələri qadağan olunub. Bir neçə gün öncə kənd qəbristanlığında haqqında danışılan 4 nəfərin qəbrinin sökülməsi də bununla bağlı olub.

Əldə etdiyimiz məlumatlara görə son günlər Nardaranda polis gücləndirilmiş iş rejiminə keçib. Kəndin giriş və çıxış nöqtələrinə nəzarət gücləndirilib. Yerli sakinlər bu vəziyyəti 26 noyabr hadisələrinin il dönümü ilə əlaqələndirirlər.

Polis kənddə ildönüm ərəfəsində hər hansı toplantı, məclis keçirilməsindən ehtiyatlanır. Eyni zamanda şübhəli bildiyi, fəal insanları zərərsizləşdirməyə çalışır. Əldə etdiyimiz məlumata görə Nardaranda artıq həbslər başlayıb. Yerli kənd sakini Faili Şahbazov və Saleh adlı şəxs həbs olunub. Faili Şahbazovun atası və qardaşı hazırda həbsdədir.

Onu Sabunçu polisi saxlasa da, sonradan "bandotdel"- ə aparıldığı və hələ ki, 30 sutka həbs cəzası verildiyi bildirilir. F. Şahbazov Facebook- da tənqidi yazıları ilə seçilir və bir neçə gün öncə o öz profilində Nardaranda dağıdılmış qəbirlərin görüntüsünü dərc etmişdi.

Saleh adlı şəxs haqqında isə Cinayət Məcəlləsinin 228.1- ci maddəsi ilə cinayət işi açıldığı və haqqında həbs- qəti imkan tədbiri seçildiyi qeyd olunur. Verilən məlumatlara görə polisin şübhəli bildiyi digər şəxslərin də zərərsizləşdirilməsi, həbs olunması istiqamətində araşdırma- axtarış işləri davam etdirilir.

Eyni zamanda verilən məlumatlara görə hazırda Taleh Bağırzadə və digələrinin Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən məhkəmə prosesinə şahid kimi çağırılan şəxslərə gerçək ifadə verilməməsi üçün onlara polis tərəfindən təzyiqlər edilir. ... Hər şey gəlib keçəcək. Həbs olunanlar da bir gün azadlığa çıxacaq. Amma nə yazıqlar ki, 1 il bundan öncə Nardaranda qətlə yetirilmiş insanlar- həm polislər, həm də yerli kənd sakinləri geri qayıtmayacaq.

Hazırda onların övladları atasız böyüyür, ata- anaları, bacı- qardaşları, həyat yoldaşları bu itki ilə barışa bilmirlər. Bu az imiş kimi qətlə yetirilmiş insanların qəbirlərini dağıtmaq, onların ildönüm mərasimlərinin keçirilməsinə imkan verməmək, dinc, günahsız insanları qorxu- xof altında saxlamaq insanlıq adına utanc olmaqla tariximizdə qara ləkə kimi qalacaq.

Yaxınlarını itirmiş insanları öz dərdlərini, kədərlərini ovundurmağa mane olmamaq, əksinə dildə, kağız üzərində deyil, əməlda hər bir şəxsin dini etiqadını maneəsiz yerinə yetirmək, ifadə və sərbəst toplaşmaq azadlığını həyata keçirməyə şərait yaratmaq lazımdır. Eyni zamanda bir il öncə "Nardaran işi" ilə bağlı həbs olunanların məhkəmə prosesini ədalətli keçirilməsini təmin etmək, günahsız həbs olunan bütün şəxsləri dərhal həbsdən azad etmək lazımdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]