Siyasət / Reportaj

Akif Çovdarovun doğulduğu kənddən reportaj

19-11-2016, 01:12

MTN generalının film kimi həyatı; sabiq idarə rəisinin kəndliləri, uşaqlıq dostları onun barəsində elə şeylər danışdılar ki...

 

Marneulinin indiki Alqeti, qədimi Gorarx kəndində eşitdiyimiz bu irad bir müddət qulaqlarımızda uğuldayıb bizə bir xeyli zaman rahatlıq vermədi. Kəndin qədim "Həzrəti Əli" məscidi önünə yığılmış izdihamlı kütlə bir ağızdan elə hey bax bu cümləni təkrarlayıb, sakitləşmirdi.

Durmadan, dayanmadan elə hey üstümüzə yeriyirdi. Axır bu axın bizi meydandan sıxışdırıb gətirib çıxardı Akif Çovdarovun ata mülkü qarşısına. Ətrafımıza göz atanda düz lazım olan ünvanın qarşısına gəlib çıxdığımızı bir daha yəqinləşdirdik. Mülkün qapısındakı "Mercedes”in nömrə nişanı sanki dil açıb danışır, sahibinin kimliyini ortaya qoyurdu. Vallah, çox yaddaqalan nömrə idi: MTN-009. Bakıda çox az adam MTN-in, xüsusən Eldar Mahmudovun, yaxın ətrafının 009 nömrəsindən istifadə etdiyini bilməz. Bakıda maşınının nömrəsinə MTN sözünü yazdıra bilməzsən. Qanunlar icazə vermir. Gürcüstanda isə qanunlar dövlət büdcəsinin doldurulmasına xidmət edir. Pulunu ver, get adını yazdır, vur maşınının nömrə yerinə...

Hazırda Akif Çovdarovun doğma kəndi Algetdəyik. Biz burdaykən, Bakıda, daha dəqiqi, Sabunçu Rayon Məhkəməsində Akif Çovdarovun məhkəməsi keçirilir. Onu hansı cinayətlərdə ittiham etmirlər ki?


Adamların qanunsuz həbsi, rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlarla üz-üzə qalıb o. Qəzetlərdə, saytlarda, hətta TV-lərdə də barəsində "qanlı general”, "odioz general”, "qəssab oğlu” kimi ifadələr işlədilməkdədir.
Bəs generalın doğma kəndində barəsində nə düşünürlər? Yaxınları, doğmaları, qohumları, qonşuları onun haqqında nə deyir, nə danışır?

Gürcüstana jurnalist səfərimiz çərçivəsində həm də bu suallara cavab almaq qərarına gəldik.

Çovdarovların mülkü qarşısındakı "Həzrəti Əli" məscidi önünə sorağımızı eşidib xeyli adam toplanmışdı. İynə atsan, yerə düşməzdi burda. Söhbətə qoşulanlardan biri, Akif Çovdarovun tələbəlik dostu Cavanşir İsmaylov barəsində görün bir nə dedi:

- Əvvəlcə, hamı kimi, Çovdarov atasının istəyini həyata keçirdi. Bakıya getdi. Politexnik İnstitutuna daxil olub "Nəqliyyatın avtomatlaşdırılmış istismarı” sahəsində ixtisaslaşdı.
Akifin sevimli filmləri vardı. Bax o filmlərin qəhrəmanları idi onu Rostova, ordakı Ali Milis Akademiyasına gətirib çıxaran. "İstintaq davam edir”, "Onu bağışlamaq olarmı” filmlərinə dönə-dönə baxmışdı. Filmlərin qəhrəmanları onu uzaq Rusiyada əzmlə təhsil almağa sövq etmişdi. Milis məktəbini fərqlənmə diplomu ilə bitirdi. Qayıdıb Bakıda, Böyük Şordakı əmək-islah koloniyasında işlədi, sonra "Narkobiznes”də rəis müavini kürsüsündə əyləşdi.
Yadıma düşmüşkən deyim. Bakıda Avropa Oyunları keçirilən günlərdə mən övladıma toy edirdim. Əlbəttə ki, uşaqlıq dostumu da lap birinci dəvət etmişdim məclisə. Akif gəlmədi, xəbər göndərdi ki, prezidentin qatılacağı bir möhtəşəm idman oyunu keçirilir, təhlükəsizliyə cavabdehəm, üzürlü say. Deməyim odur ki, o, işinə bağlı adam olub, heç vaxt xəyanət etməzdi. Belə bir adamı həbs edib, ağır xəstəliklərini nəzərə almamaq düz deyil, vallah.


"Ona Tarzan deyərdik. Saçları uzun idi, çiyninə tökülürdü, eynən filmdəki Tarzana oxşayırdı”


Biz onunla lap uşaqlıqdan dostluq edirik. Aramızda onu Tarzan kimi çağırırdıq.
- Bəs niyə o, aranızda Tarzan ayaması, adı ilə tanınır?

Daşdan xəbər çıxdı bu vaxt, adamlardan çıxmadı. Sualımız göydən asılı qaldı bir müddət. Cavabımız, ön sıralardakılardan deyil, arxa sıralardan gəldi, nəhayət. Bir də gördük kütlə tən ortadan ikiyə ayrıldı. Arasından birisi çıxıb özünü təqdim etdi.
- Yaz dəftərinə adımı - Aslan Gorarxlı. 8 kitab müəllifiyəm. Çelyabinskidəki Azərbaycan diasporu rəhbərlərindənəm. Akif Çovdarov, kəndimizdən çıxmış ilk general kimi, hamımızın fəxridir. Çelyabinskdə 200-dək soydaşımızın evini onun general geyimindəki şəkli bəzəyir. Şəkilləri böyüdüb hamıya paylayan mənəm. Vallah, o yaxşı adamdı. Kəndə gələrkən əvvəlcə heç evinə dəyməz, siftə gedib kəndin kasıb çayxanasında əyləşərdi.
Kütlə ürəklənib cuşa gəldi bu vaxt. Arxa sıralardan çıxmış bir başqası, qarşılarındakıları itələ-itələyə önə atıldı.


- Yaz adımı dəftərinə - Göyüşov Aqil. Bizim Tarzanın çayxanada əyləşdiyi stul üzərində, inan, siz heç vaxt oturmazdınız. Qorxardınız kora-zad batsın bədəninizə. Tarzan isə oturardı. Durarkən tək öz hesabını deyil, əlini cibinə atıb bütün digər müştərilərin borcunu da ödəyərdi adətən. Belə görmüşük həmişə.

Bu vaxt görürəm ön sıraların arxasından bir qabarlı əl irəli uzandı. Bir topa kağız-sənədi əlimə dürtdü.

- Bax bunu da, xahiş edirəm, olduğu kimi dərc edin. Bütün kənd camaatı son nəfərinədək imza atıb bu sənədin altına.

"Oxuyuram, qəzetində yazmağını da xahiş edirəm” - deyən ağsaqqal məktubda yazılanları xırdalayır:


- Biz Gürcüstanda yaşayan azərbaycanlılar başqa dövlətin vətəndaşı olsaq da, daim gözümüz Azərbaycanda, ulu öndərin davamçısı İlham Əliyevdədir. Akif Çovdarov vəzifədəykən Gürcüstanda yaşayan azərbaycanlılar üçün bir ümid, inam yeri olub. Yüzlərlə problemimiz məhz onun müdaxiləsi ilə öz həllini tapıb. Təbii ki, heç vaxt unutmayıb ki, bütün bu xeyirxah işləri o, məhz prezidentin ona verdiyi dəstək əsasında edib. O, bizdən həmişə tələb edirdi ki, İlham Əliyevin ətrafında sıx birləşək. Bizlər bir il dözdük. Akif Çovdarovun həbsinə heç bir reaksiya vermədik. Bu Akif Çovdarova qarşı laqeydliyimizdən, ittihamlara inandığımızdan deyil. Sadəcə, ölkənin ədalətli bir rəhbəri olduğunu bildiyimiz üçün bir xeyli gözlədik. İstəyimiz budur ki, Akif Çovdarovun səhhətindəki təhlükəli xəstəliklərə görə istintaqın gedişini öz nəzarətinizə götürəsiniz. Bax, bu məktubu biz göndəririk. Ancaq bilirik ki, məktub gedib ünvanına çatmır. Məktubu 2000-dən çox həmkəndlimiz imzalayıb. Hələ çoxları da imzalamaq arzusundadır. Məktubu tez göndərdik ki, yaranmış gərgin vəziyyətə təcili müdaxiləniz olsun".


Tələblər bitmirdi. Hamı bir ağızdan Akif Çovdarov haqda danışır, ittihamları yaxına belə buraxmaq istəmirdi.

"Akif kənddə olanda birdən dedi ki, kəsin bunların başını. Hamı çaşıb qalmışdı”


"Akif nə edib? Kimin toyuğuna daş atıb? İşdən çıxarıblar, əl çəksinlər, gəlib otursun yurdundakı mülkündə - bizlərin istəyi budur”.

Fayla yerləşdirilən qalın sənəd topasını götürüb basdım çantama. Camaata dedim ki, bəs bu sənədlərlə tezliklə dövrü mətbuatda tanış ola biləcəksiz. Sonra keçdim cavabsız qalmış əvvəlki sualıma.

- Bəs Tarzan adını nə vaxt qazandı o sizin dilinizdən?

Cavabım yenə də yubandı. Axır, yaşlı ağsaqqallardan biri aramızdakı sükut buzunu qırmağa müvəffəq oldu.

- Çiyninə düşən uzun saçları Tarzana oxşadardı o vaxtlar Akifi. Kinodakı Tarzandan bir vaxtlar, inan, bax, bu Əli yolu haqqı, ayıra bilməzdik biz onu. Ekrandakı Tarzanı həmişə Akifə oxşadardıq.



Kələfin ucunu burda tapıb onu day əlimizdən buraxmamaq qərarına gəldik. Camaatla sağollaşıb üz tutduq Akif Çovdarovun vaxtilə təhsil aldığı ünvana. Rəhmətlik atası Teymurxan Çovdarovun adını daşıdığı 1 saylı kənd orta məktəbinə.

***

2015-ci ildə sonuncu məzuniyyətini Akif Çovdarov öz doğma kəndində - Algetdə keçirir. Gecəykən, ətrafında dost-tanışı yaxınlaşır məktəb qapısı həndəvərinə. Ətrafına, yan-yörəsinə diqqətlə boylanır. Sonra verdiyi bir əmrlə qapıdakı köhnə dostlarını xeyli çaşdırır, vallah.


- Başlarını kəsin. Bir də deyirəm, başlarını kəsin bunların, vəssalam.

Ay işığının nurunda deyilmiş bu sözlər əvvəlcə hamını qorxudur. Müəllimlər çaşıb bir müddət nə edəcəklərini anlamırlar. Akifə də elə bu lazımmış sanki. Əvvəlcə o, bu pauzasının ömrünü bir xeyli uzadır. Lap axırda rəhmə gəlib sözlərini başqaları üçün xırdalayır.

- Deyirəm, bu ağacların başını kəsin də... Gövdələri incədi bu sərvlərin. Yel əsincə, qırılıb aşacaqlar. Kəsin deyirəm sizə.

Hacıyev Əmiraslan Aslan oğlu, fizika-riyaziyyat müəllimi, o hadisəni indi belə xatırlayır bizimçün.

"Niyə, hansı gizlin səbəbə görə Eldar Mahmudov indiyədək qandallanmayıb, əvəzində bizim Akif Çovdarov içəridə yatır, həə?”


- Ağıllı, savadlı, mərifətli adamdı. Gördüyünüz kimi, başı bədəninə ağırlıq edən ağacları yaxşı tanıyırdı o.

Çoxdan unutduğumuz məktəb zəngi ətrafa səs salıb bizi köhnə xatirələrin cəngindən qurtarır. Qalxırıq məktəbin müəllimlər otağına. Sorağımızı eşidib bura gələnlərin sayı az deyil. Aralarında Akif Çovdarovun doğma bacıları Qənirə, ailənin sonbeşiyi Fəridə də var. Əks istiqamətlərdə əyləşib heç danışmırdılar. Əvvəlcə, həəə, vəziyyət belə idi. Söhbət qızışdığı vaxt bacısı Qənirə özünü saxlaya bilmədi.

(ardı gələn sayımızda)

Həmid HERİSÇİ,
Elşən BALAXANILI
Fotolar müəlliflərindir

Administratorla əlaqə

077 611-55-22

[email protected]