Əsas Səhifə / Yazarlar

İslamofobiya adı altında müsəlmanları dəyərsizləşdirmə layihəsi həyata keçirilir

24-08-2016, 13:08

İslamofobiya adı altında müsəlmanları dəyərsizləşdirmə layihəsi həyata keçirilir
Son illərdə müsəlman olmayan bəzi insanların müsəlmanlara qarşı qorxularını xarakterizə edən yeni söz uydurulub: islamofobiya.

İslam kimi mənası təhlükəsizlik və sülh olan bir sözün qorxu ilə eyni sözdə birləşdirilməsi nə qədər qəribə görünsə də, belə bir sözün niyə ortaya çıxmasını da ətraflı düşünmək lazımdır. İslamofobiyanı təkcə xristian, yəhudi, buddist və ya ateistlərin İslama qarşı çıxmaları ilə əsaslandırmaq səmimi yanaşma olmaz. Müsəlman qardaşlarımız da öz münasibət və davranışlarına baxıb özlərini tənqid etməlidirlər. Müsəlman olmayan cəmiyyətlərin bu mövqeyi dərindən araşdırıldıqda problemin kökündə duran əsas səbəbin fanatizm, yəni Qurandan uzaqlaşma olduğu məlum olur.

Fanatizm müsəlman cəmiyyətlərin böyük hissəsini öz təsiri altına alıb. Xurafatlara, bidətlərə və yanlış hədislərə əməl edilməsi ilə gücünü daha da artırıb. Fanatik təfəkkür həm düşüncə tərzi, həm də həyat tərzi ilə Qərb dövlətlərini dəhşətə gətirir. Çünki fanatik təfəkkürün hakim olduğu dünyada İslam yoxsulluq, sevgisizlik, nəzakətsizlik, keyfiyyətsizlik dini kimi göstərilir. (İslam dinini tənzih edirik) Avropalı, amerikalı və ya avstraliyalı bir insan müsəlman ölkələrin əksəriyyətinə baxdıqda fanatizmin hakim olduğunu görür. İnsanları sırf öz məzhəbindən olmadığı üçün asan, kəsən, qadınlara və qız uşaqlarına yaşamaq haqqı verməyən, pis geyinən, təmiz olmayan, rəssamlığı, heykəltəraşlığı, teatrı, operanı, musiqini haram elan edən, müasirlikdən uzaq insan modeli beynində canlanır. Bu qavrayış da əlbəttə ki, dünya miqyasında böyük narahatlıq və reaksiyaya səbəb olur və bəzi insanları İslama qarşı olmağa yönəldir.

Müsəlmanların böyük əksəriyyəti də bu vəziyyətin, İslamı yanlış anlayışla Qurandan uzaq yaşayıb, dünyaya da yanlış tanıdan bəzi müsəlmanlar səbəbindən ortaya çıxdığının fərqinə varmırlar. Xüsusilə Qərbdəki insanları İslama və özlərinə qarşı düşmən olmada günahlandırırlar. Halbuki insanlar əslində İslam dininə deyil, gördükləri yanlış modellərə görə zehinlərində yaranan keyfiyyətsizliyə qarşı olurlar.

Keyfiyyət İslamın əsasıdır, cənnət xüsusiyyətidir və dünya həyatının da ən önəmli gözəlliklərindəndir. Keyfiyyətin olmadığı hər yer yaşanılmayacaq hal alır. Qaranlıq, tutqun evlər, gözəllikdən uzaq məkanlar insanlara xoşbəxtlik gətirmir. Keyfiyyət olmadıqda baxımsız, üzündə sevgi ifadəsi olmayan, əsəbi, mənfi danışan, gözəlliklərdən zövq almayan, xoşbəxt olmayan, hətta bunları yox etməyə çalışan insanlar yayılır. Belə bir cəmiyyətdə isə qardaşlıq, gözəlliklər yox olur, sevgi, dinclik qalmır. Bir sözlə rahatlıq yox olur. Hər kəs bir-birindən uzaqlaşır və hətta bir-birindən çəkinəcək, qorxacaq hala gəlir.

Keyfiyyət çatışmazlığı cəmiyyətləri daxilən yeyib bitirən, onların inkişafını, gözəlləşməsini və uzlaşmasını əngəlləyən, davakar, məmnuniyyətsiz və sevgisiz cəmiyyətlərin yaranmasına gətirib çıxaran böyük problemdir.

İslam təmizlik, paklıq, keyfiyyətdir. İslam dedikdə dünyanın ən keyfiyyətli və ən mədəni insanları yada düşməlidir. İslam Quranla bizə misilsiz keyfiyyət anlayışını gətirib. Qurana görə müsəlmanın əsas xüsusiyyəti mərhəmətdə, şəfqətdə, nəzakətdə, təmizlikdə ən yüksək səviyyədə olmaqdır. Müsəlman ən təmiz və ən gözəl geyinəndir. Ən gözəl yeyib-içən, sosial ədaləti ən mükəmməl şəkildə tətbiq edəndir. Quran bu təsvirlərlə endirilmiş kitabdır. Bu səbəbdən keyfiyyətsiz həyat tərzi və gözəllikdən uzaq anlayış müsəlmana əsla yaraşmaz.

Müsəlman müasir, sənətə, estetikaya dəyər verən, davamlı olaraq həyatı daha asan, daha keyfiyyətli və səmərəli yaşamağın yollarını axtaran, mədəni, savadlı, öyrənməkdən, özünü inkişaf etdirməkdən geri qalmayan, hər kəsin örnək aldığı, hər yeri yaşıllıqlar, ağaclar, çiçəklərlə gözəlləşdirən və daima vicdanına görə hərəkət edən insandır. Ancaq fanatizmin hakim olduğu dünyada keyfiyyətdən heç vaxt bəhs edilə bilməz. Zaman keçdikcə İslam aləmini öz təsiri altına alan keyfiyyətsizlik tarix boyu Qərb cəmiyyətlərində əks reaksiyaya səbəb olmuş, müsəlmanları əhəmiyyətsiz və dəyərsiz görmə problemi baş qaldırmışdır.

Bəzən də məhz bu yanlış mənzərəyə görə İslam əleyhdarlığı ön plana çıxmışdır. Müsəlmanlar əzilən, istismar edilən, alçaldılan insanlar olaraq qəbul edilməyə başlamışdır.

Bu səbəbdən keyfiyyətsizliyi xoş qarşılamayanlara reaksiya vermək əvəzinə təcili tədbir görmək lazımdır. Keyfiyyət İslam cəmiyyətlərində dövlət siyasəti halına gətirilməlidir. Bu şəkildə fanatiklərin təhlükəli düşüncə tərzinə İslam cəmiyyətləri içindən güclü cavab verilə bilər. Keyfiyyət çatışmazlığı olan bütün dövlətlərdə keyfiyyət nazirlikləri yaradılmalı, xalqın sənətə və elmə yönələcəyi imkanlar təmin edilməli, sənətkarlar və elm insanları dəstəklənməli, keyfiyyətli olan hər fəaliyyət təşviq edilməlidir.

Keyfiyyətin müsəlmanlığın mühüm xüsusiyyəti və İslam əxlaqının tələbi olduğu Qurandan dəlillərlə izah edilməlidir. "Bir tikə çörək, bir paltar" məntiqinin yanlışlığı, müsəlmanların hər şeyin ən gözəlinə, ən təmizinə layiq olduqlarının vurğulanması çox əhəmiyyətlidir. Keyfiyyətsizliyin İslamın ruhunu anlamamaqdan irəli gəldiyi də ətraflı şəkildə izah edilməlidir. Beləliklə mədəni olmağın ən mühüm ünsürlərindən birinin keyfiyyət olduğu daim yaddaşlarda olmalı və bu məsələdə aparıcı ölkələr nümunə götürülməlidir.

Qərb ölkələrinin bu məsələdə üzərinə düşən vəzifə isə sevgi və sülh tərəfdarı müsəlmanlara inanmaları, onlarla ittifaq etmələridir.

Digər tərəfdən, bütün müsəlmanlar fanatizmə qarşı ideoloji mübarizə aparmalı, Qurandakı həqiqi İslamı tanıtmalı və tərəfdarlarını dəstəkləməlidirlər.

Allahın izni ilə ancaq bu şəkildə islamofobiya sözü istifadə edilməyəcək və dünyaya hakim olan qəzəb və nifrət getdikcə azalaraq yerini sevgi, hörmət və şəfqətə verəcək.

Adnan Oktar

Administratorla əlaqə

077 611-55-22

[email protected]