Əsas Səhifə / Layihə

Eskişehir türk dünyasını bir araya gətirdi

20-05-2014, 07:04
Eskişehir türk dünyasını bir araya gətirdi





Mayın 11-13-də Türkiyənin Eskişehir şəhərində Türk Dünyası Mədəniyyət Paytaxtı Agentliyi fəaliyyətləri daxilində , “Türk dünyası Qeyri-hökumət təşkilatları zirvəsi”nə (Türk dünyası sivil toplum zirvəsi) Azərbaycan nümayəndə heyətinin tərkibində mən (müəllif – red) də vardım.
Mayın 10-da Azərbaycan nümayəndə heyətinin tərkibində olan bir neçə QHT sədri və təmsilçisi (Aydın Kərimov, İradə Əliyeva, Nailə İsmayılova) ilə birgə Türkiyə vaxtıilə səhər saat 5.30-da İstanbul Atatürk hava limanına endik. Nümayəndə heyətimizi tədbirin təşkilatçıları qarşıladı və bizi yaxınlıqda yerləşən “Han” otelində yerləşdirdilər. Digər dövlətlərdən dəvət olunan xarici qonaqların gəlişini gözlədik. Qısa müddətdə orada bir neçə xarici qonaqlarla ünsiyyət də qura bildik. İlk həmsöhbətimiz Özbəkistandan gələn professor Bəxtiyar Rəhmanoviç Kərimov olub. O, bizə ortaq türk dili üzərində çalışdığını və bunun bütün türk dünyası üçün önəmindən danışıb. Bildirib ki, ortaq türk dilinin yaradılmasını sürətləndirməli və bu prosesin türk dövlətləri hakimiyyətləri səviyyəsində qəbuluna çalışmalıyıq. Daha sonra Rusiya, Türkmənistan, Qazaxıstan və ərəb dövlətlərindən gələn qonaqlarla söhbətləşdik. Günorta saat 14.00-15.00-da tədbirin keçiriləcəyi yerə – Eskişehirə gedəcəkdik. Bir az vaxtımız qaldığından İstanbulu gəzmək qərarına gəldik. Amma yağış istəyimizin həyata keçməsinə izn vermədi və oteldə gözləməli olduq. Daha sonra “Azadlıq” qəzetinin sayt redaktoru Ali Rza, sonra isə tanınmış politoloq, AXC sədrinin beynəlxalq əlaqələr üzrə müavini Razi Nurullayev gəldi. Vaxtımızı “öldürmək” üçün bir qədər dərdləşdik. Bizimlə İstanbula gələn BDU-nun müəllimi, Azərbaycanda fəaliyyət göstərən bir sıra qadın təşkilatlarını bu zirvə toplantısında təmsil edən İradə Əliyevanın İstanbuldakı dostu, şair Cevdet Şimşəkin bizi ziyarətə gəlişi əsl bayrama çevrildi. Azərbaycanlılar, xüsusilə də A.Kərimov və R.Nurullayevin məzəli söhbətləri, şairlə müxtəlif məsələlərlə bağlı fikir mübadilələri vaxtımızın tez, haradan gəlib keçdiyini belə bilmədik. Cevdet Şimşək bizə müəllifi olduğu “Salıncarlı dünyamdan” kitablarını hədiyyə etdi.
***
Qonaqlar bir yerə toplaşandan sonra üz tutduq tədbirin keçirildiyi yerə – Eskişehirə.
Elə avtobusdaca digər xarici qonaqlarla tez bir zamanda ünsiyyət qurduq. Onlardan biri də İranın Ərdəbil şəhərindən gələn Reza Zargari olub. A.Kərimovun məzəli söhbətləri, zarafatları, geniş dünyagörüşü R.Zargarini valeh etmişdi. R.Zargari də türk olduğuna görə fəxr duyduğunu və hətta zirvə toplantısındakı çıxışında Ərdəbilin Azərbaycan ərazisi olduğunu sübut edəcək faktlara söykənəcəyini bildirib. (Sonradan o, çıxışını məhz bu arqument və faktlar üzərində qurub – red). Demək olar ki, Azərbaycan nümayəndə heyəti zirvə toplantısına gələn hər bir ölkə nümayəndəsi ilə dostlaşa bilib. Nəhayət, yüksək səviyyədə qarşılanma və 2 rahat avtobusla 5 saat yol qət edib Eskişehrin ən məşhur otellərinin birində – “Saffron”da yerləşdirildik. Bizi orada ilk qarşılayan “Kafkassam”ın rəhbəri Dr.Hasan Oktay olub. Daha doğrusu, H.Oktay orada Azərbaycan nümayəndə heyətinin rahatlığının təminatçısı rolunda çıxış edib. Hər birimizi ayrı-ayrılıqda bizim üçün ayrılan otaqlara yerləşdirib. Bizdən rahat qaldıqdan sonra öz yerinə qayıdıb. H.Oktayın azərbaycanlılara bu sevgisi, qayğısı heç də əbəs deyil. Özünün dediyi kimi, ürəyi daima Azərbaycanla döyündüyündən, istər Türkiyə, istərsə də digər türk dövlətlərində olan azərbaycanlı qonağa böyük hörmət və ehtiram göstərməyi özünə borc bilib.
***
Səhər, mayın 11-i saat 9.30-da tədbirin keçirildiyi yerə – Osmangazi Universitetinə yollandıq. Yol boyunca Eskişehrin təmizliyinə, sakitliyinə heyran qaldım. Şəhərin küçələrində iki-iki, üç-üç gəzişən adam görəndə, təəccübləndim, fikirləşirdim ki, 800 min əhalisi olan bu şəhərdə günün günorta vaxtı adamlar niyə yoxa çıxıb. Sonradan tədbirin keçirildiyi Osmanqazi universitetinin İlahiyyat fakültəsinin məscidində çalışanlardan öyrəndim ki, hamı işdə olduğundan şəhər mərkəzlərində adam az olur. Onu da deyim ki, Azərbaycanın digər bu kimi şəhərlərindən fərli olaraq bu şəhərdə 10 mərtəbədən artıq bina gözümə dəymədi. Şəhərin mərkəz yerlərində şam ağacı meşələri isə ona ayrı bir yaraşıq verir. Fikirləşdim ki, belə bir meşəlik Bakıda olsaydı, dərhal qırılar və yerində çaxmərtəbəli binalar tikilərdi. Osmangazi universiteti boyunca getdiyimiz yolda apardığım müşahidələrdən biri də binaların mənzillərinin pəncərələrindən Türkiyə bayraqlarının, Atatürkün portretlərinin asılması idi. Bu mənzərə bir daha mənə anlatdı ki, türk öz bayrağını, öz liderini necə sevməlidir. Daha bizim kimi, bayramdan-bayrama Azərbaycan bayrağı yada düşməməlidir. Osmangazi Universitetinin yerləşdiyi ərazu də xarici qonaqların marağına səsəb olub. Geniş bir ərazidə universitetin bütün fakultələri üçün ayrıca təhsil korpusları, ktabxana, yeməkxana, məscid, istirahət parkı, əyləncə mərkəzi bu təhsil ocağının möhtəşəmliyindən xəbər veriridi. Universitet ərazisində salınan yaşıllıqlar isə göz oxşayırdı.
***
Beləcə, Türk Dünyası Coğrafyası (Aralıq dənizi, Qara dəniz, Xəzər ) ölkələrinin Qeyri-Hökumət Təşkilatlarının iştiraklarıyla 11-13 may 2014-cü il tarixlərində keçirilən Sammitin açılışında iştirak etdik. Açılışda milli təhsil naziri Nabi Avcı, Eskişehir qubernatoru və Eskişehir 2013 Türk Dünyası Mədəniyyət Paytaxtı Agentliyi İdarə heyəti Başçısı Güngör Azim Tuna, xarici işlər nazirinin müavini Naci Koru, Osmangazi Universiteti Rektoru Prof. Dr. Həsən Gönen, İstanbul Universiteti Rektoru Prof. Dr. Yunus Söylet və Cəmiyyət Təhlükəsizliyi müşaviri Sn. Dos. Dr. Ulvi Saran qısa olaraq çıxış ediblər. Daha sonra Türkiyənin baş naziri R.T.Ərdoğanın tədbir iştirakçılarına təbrik məktubu oxunub.
Osmangazi Universiteti Konqres və Mədəniyyət Mərkəzində başlayan zirvə proqramı üç gün sürüb. Zirvəyə region ölkələrinin xaricində Avropa və Amerika Birləşmiş Dövlətlərinə də Vətəndaş Cəmiyyət sahəsində tanınmış elm adamları da qatılmışdı. Zirvə proqramında üç salonda bərabər zamanlı olaraq reallaşan 38 iclasda cəmi 170 bildiriş təqdim edilib. Zirvə əsnasında qurulan stendlərdən isə QHT təqdimat və vizual vəsaitlərini sərgilənib.
Beynəlxalq Simpoziuma 38 ölkədən 200-dən çox yerli və xarici qonaq qatılıb.
***
Hər bir salonda müzakirə olunan məsələlər bütün türk dünyasının maraqlarına xidmət edib. Düzdür, bəzən bölümlərdə (oturumlar) çıxış edənlər yalnız rəhbərlik etdikləri təşkilatların fəaliyyətlərindən, gördükləri işlərdən danışıblar. Amma əksərlər ümumtürk problemlərdən çıxış ediblər. 3 gün ərzində Osmanqazi universitetinin Konqres və Mədəniyyət Mərkəzindəki 3 iclas salonunda 36 bölüm olub. Hər bir bölümdə 4-5 qonaq seçdiyi mövzuyla bağlı çıxış edib. Sual-cavab, müzakirələr keçirilib. Hər bir çıxış müxtəlif dillərə tərcümə olunaraq qonaqlara çatdırılıb, lentə alınıb. Azərbaycan nümayəndə heyəti də bu çıxışlarda, müzakirələrdə fəallıq nümayiş etdirib. A.Kərimov, R.Nurullayevin çıxış və təklifləri rəğbətlə qarşılanıb. Məsələn, A.Kərimov Türk dünyası QHT-ləri qurumunun yaradılması təklifini verib. Mən də (müəllif – red) xüsusi fondun yaradılması təklifini verdim. Bildirdim ki, bu kimi tədbirlərin keçirilməsi yükü təkcə Türkiyənin üzərinə düşməməlidir. Fond yaradılmalı və hər bir türk dövləti ildə bu fonda müəyyən miqdarda pul köçürməlidir ki, belə tədbirlər keçirilsin. Bu tədbirlərin keçirilməsi bütün türk dünyasına xidmət deməkdir.
***
İradə Əliyevanın Qarabağ qaçqınları və dövlət tərəfindən onlara dəstəkdən, ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasətini həyata keçirmələrindən danışması, özü də faktlarla, oturum iştirakçılarını heyrətləndirib. Ola bilsin ki, onun çıxışını dinləyənlər arasında Qarabağın ermənilər tərəfindən işğal edilməsindən, azərbaycanlıların doğma yurdlarından didərgin salınmalarından az məlumatları vardı. Amma İ.Əliyeva dolğun çıxışı ilə ora toplaşan 100 qonağa Qarabağla bağlı əsl həqiqəti anlatdı. Bunun özü də bir vətənpərvərlik, qəhrəmanlıqdır. Çünki, bu zirvə toplantısına gələn qonaqların heç də hamısı türk deyildi, onların arasında ərəb ölkələrindən gələnlər də vardı. İ.Əliyevanın çıxışından sonar ona verilə sullardan da aydın hiss edilirdi ki, mövzu, ermənilərin işğalçılıq siyasəti, azərbaycanlılara qarşı soyqırımları qonaqlarda erməni vandalizminə nifrəti artırıb. Nailə İsmayılovanın Azərbaycanda təhsilin vəziyyəti, dövlət tərəfindən həyata keçirilən təhsil siyasəti ilə bağlı çıxışı da rəğbətlə qarşılanıb. N.İsmayılova Azərbayacn təhsil siyasətinin müsbət cəhətlərini tam ortaya qoya bilib. “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədri Mübariz Göyüşlünün “Demokratik, Kültür və Siyasi məsələlərin formalaşmasında və inkişafında QHT-lərin rolu” mövzusu isə əhatəli olub. M.Göyüşlünün rəhbərlik etdiyi təşkilatın qısa zaman kəsiyində gördüyü işlərdən danışması və təklifləri qonaqların böyük marağına səbəb olub. Onu da qeyd edək ki, Gürcüstandakı soydaşlarımızdan da bu zirvə toplantısına qatılanlar olub və onların toxunduqları mövzular da böyük əhəmiyyət daşıyıb.
Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Dərnəyinin rəhbəri Musa Hacıyev Gürcüstanda yaşayan müsəlman türklərinin, Gürcüstan Gənclərinin Maarifləndirmə Assosiasiyasının rəhbəri Bəxtiyar Tanrıverdiyev Gürcüstandakı gənclərin təhsili, “Uğur” təşkilatı və eyniadlı jurnalın rəhbəri Hacı Bəkiroğlu Gürcüstanda Azərbaycan dilli medianın problemlərini dilə gətiriblər. Hər üç soydaşımızın dolğun və faktlara əsaslanaraq çıxışları, mövcud durumu bütün türk dünyasına çatdırmaları olduqca vacib amillərdən biri idi.
Mən də (müəllif – red) Osmangazi universitetinin Osmanlı salonunda düzənlənən toplantıda “Azərbaycan KİV-lərində milli-mənəvi dəyərlərin təbliği problemləri” mövzusunda çıxış etdim. Çıxışında, Azərbaycan Respublikası Prezidenti yanında KİVDF və Mətbuat Şurasının KİV-lərə maddi və mənəvi dəstəyindən söz açdım. Bildirdim ki, dövlət həmişə yerli medianın problemlərinin həllinə dəstək olub. Azərbaycan Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının da bu mövzunu gündəmdə saxladığını və hər il elan olunan müsabiqələrdə bu mövzuya geniş yer ayrıldığını bildirdim. Qeyd etdim ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının hər il keçirdiyi müsabiqələrdə 10-larla QHT-nin layihələri bu sahə üzrə maliyyələşdirilir. Amma bəzi yerli mediada hələ də milli-mənəvi dəyərlərimizi qorunması istiqamətində heç bir addımın atılmamasını və bu addımın dövlət tərəfindən atılacağının gözlənildiyini də vurğuladım. Qeyd etdim ki, bir çox qəzet, sayt, informasiya agentlikləri, QHT-lərin özləri belə bu sahəyə maraq göstərmirlər. Yalnız dövlətin onlara nə vaxt maliyyə verəcəyi məqamı gözləyirlər. Bir çox qəzetlərdə bu məsələ gündəmə gətirilmir, daha çox əxlaqımıza zidd yazılar dərc olunur. Qəzetlərlə yanaşı internet mediası da əhali arasında maarifləndirici məlumatlar yaymırlar. Belə davam edərsə, biz dəyərlərimizdən, əxlaqımızdan, kimliyimizdən, keçmişimizdən uzaqlaşacağıq ki, bu da xalq kimi mövcudluğumuza təhlükə ola bilər. Bu təkcə Azərbaycanın deyil, bütün türk dünyasının faciəsidir ki, bunun qarşısını vaxtında almalıyıq.
***
Mübahisə doğuran anları da qeyd etməyə bilmərəm. Məsələn, mənim (müəllif – red) çıxış etdiyim salonda Alavutdin İbrahimov (Rusiya) kumuk türklərinin Moskvadakı dərnəyindən danışıb. O çıxışını bitirdikdən sonra Krım tatarları Dərnəyinin rəhbəri Dr. Ataalp Pinarer söz alıb bütün Krım tatarlarının Rusiyanın işğalına qarşı birləşməsini və QHT-lərin bu məsələyə diqqət ayrılmasının istəməsi rusiyalı qonağın narazılığına səbəb olub. “Rusiya Krımı işğal etməyib. Krım özü Rusiyaya birləşib. Bir də Ukraynanın tərkibində olarkən Krım nə qazandı ki..” – deyə A.İbrahimov Ataalp Pinarerə qarşı çıxış edib. Elə oradaca bir qədər mübahisə yarandə və sonradan bu mübahisə foyedə, cay, kofe süfrəsi ətrafında davam etdirilib.
Türk Sivil Toplum Zirvəsinin 2-ci günü, Göktürk-Uyğur salonunda təşkil edilən 5-ci bölümdə mənimlə (müəllif – red) “Azadlıq” qəzeti saytının redaktoru Ali Rza arasında da kiçik mübahisə düşüb. Belə ki, Ali Rza “Azərbaycanda müxalifət hərəkatlarında QHT-lərin rolu” mövzusunda çıxış edib. A.Rza çıxışında Azərbaycan hakimiyyətinin ünvanına ittihamlar yağdırmaqla yanaşı, bir sıra QHT-lərin Avropadan qrant aldığı, burada QHT-lərə dövlət səviyyəsində heç bir yardım ayrılmadığı, sıxışdırıldığı, hətta “Azadllıq” qəzetinə belə maneələrin yaradıldığı və s. məsələlər üzərində dayanıb. Çıxışını bitirəndən sonra mən (müəllif – red) bölüm rəhbərindən izn alaraq A.Rzaya sual ünvanladım: “Ali bəy, mənim 3 sualımı cavablandırsın. Birincisi, Avropadan hansı QHT-lər qrant alırlar və onlar nə səbəbdən QHT-lərə Dövlət Dəstəyi Şurasına müraciət etmirlər. İkincisi, KİVDF “Azadlıq” qəzetinə nə qədər maliyyə yardımı ayırıb. Üçüncüsü, Azərbaycan prezidentinin sərəncamı ilə jurnalistlər üçün tikilən binadan ötən il “Azadlıq” qəzeti əməkdaşlarına neçə mənzil verilib. Əgər bu suallarıma cavab verə bilməzsə, sayın başkan, izn versəniz mən cavablayaram”. A.Rza bu suallara cavab verə bilməyib və əsas hədəfdən yayınmağa çalışıb. Mən isə yenidən söz alıb dedim: “Avropadan qrant alan QHT-lər heç vaxt QHT-lərə Dövlət Dəstəyi Şurasına müraciət etməyiblər. Ali bəyin özü də bilir ki, Avropanın “Nauman”, “Libintern” və digər donor təşkilatlardan müxalifətə işləyən hansı QHT-lər qrant alıblar və nə qədər. Ona görə də QHT-lərə Dövlət Dəstəyinin elan etdiyi qrant müsabiqələrində onlar iştirak etməkdə maraqlı olmayıblar. Çünki Avropanın donor təşkilatlarından 100-150 min dollar qarnt alan QHT 5-10 minə görə müraciət etməz. İkincisi də, KİVDF digər mətbuat orqanları kimi “Azadlıq” qəzetinə də maliyyə yardımı göstərib. Üçüncüsü isə prezidentin sərəncamı ilə jurnalistlər üçün tikilan binadan “Azadlıq” qəzetinin iki əməkdaşına tam təmirli mənzil verilib. Belə olan halda Ali bəy hakimiyyətin onalara yaratdığı hansı maneədən danışır”. Onu da qeyd edim ki, həm iclasda, həm də iclasdan sonra bu məsələ ilə bağlı Ali Rza arasında qızğın mübahisəmiz olub.
Onu da qeyd edim ki, tədbir çox yüksək səviyyədə təşkil olunub, qonaqlara yüksək səviyyədə xidmətin göstərilməsi zirvə toplantısını təşkil edən qurum rəhbərlərinin türkə, insana, qonağa verdiyi dəyərlərin göstəricisi olub. Bu işdə İctimai Araşdırmalar Dərnəyi (Kamu Araştırmaları Vakfı) rəhbərliyi, Eskişehir valiliyi və onlara yardımçılıq edən “Kafkassam”ın rəhbəri Dr.Hasan Oktayın da əməyini dəyərləndirməmək olmaz. Sonradan öyrəndik ki, zirvə toplantısına qatılan 70 xarici ölkə vətəndaşının 45-i H.Oktayın dəvəti ilə gəliblər. Özü də Qafqaziya, Orta Asiya və Rusiya coğrafiyasından. Orada iştirak edənlərin əksəriyyəti də H.Oktayı yaxından tanıdıqlarını və onun türk dünyası, türk birliyi üçün xidmətlərini yüksək dəyərləndiriblər.
***
Ümumilikdə isə bu tədbir ora gələn hər bir qonağın yaddaşında dərin iz buraxıb, desək yanılmarıq. Söhbətləşib fikir öyrəndiklərimiz də bu qənaətdə olublar.
Dr.Hasan Oktay: “İlk belə tədbirimizdir. Düzdür, çətinliklərimiz, çatışmayan cəhətlərimiz də oldu. İnşallah, növbəti tədbirlərimizdə bu dəfə buraxdığımız səhvlər təkrarlanmaz. Amma ən böyük uğurumuz odur ki, bütün türk dünyasını bir yerə toplaya bildik. Dünyanın 40-a yaxın ölkəsindən bir neçə nümayəndənin iştirakı ilə belə bir zirvə toplantısını keçirmək asan deyil. Bu tədbirdə 7 türk dövlətin nümayəndələri var, qalanı qeyri-türk dövlətlərinin müsəlman və türk mənşəli nümayəndələridir. Təkcə Azərbaycandan 10-dan çox nümayəndənin burada iştirakını təmin etmişik. Bu mənim və bu tədbirin təşkilat rəhbərlərinin Azərbaycana sevgimizdən irəli gəlir. Məni orada kim necə qəbul edirsə etsin, haqqımda kim nə yazırsa, yazsın, onların mənə qarşı belə mövqeləri məni maraqlandırmır. Azərbaycanda söz və mətbuat azadlığıdır, qoy bundan doyunca istifadə etsinlər. Məni maraqlandıran türk dünyasının birliyidir ki, bu birlikdə Azərbaycanın da xüsusi yeri var. Türk birliyi, türk dövlətlərinin problemlərinin həlli istiqamətində bundan sonra da çalışacam. Bu kimi tədbirlərin də keçirilməsi buna xidmət edir”.
Müstəqil Doğu Türkistanlılar Dərnəyinin rəhbəri Erkinbəy Uyğurtürk: “Belə tədbirlərin keçirilməsini alqışlayıram, bu bizi bir-birimizə daha da yaxınlaşdırır. Bu tədbirin keçirilməsinin təşəbbüskarlarına, təşkilatçılarına minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, hər il belə tədbirlərin keçirilməsi bizim birliyimizi gücləndirəcək”.
Türk Dünyası Bilim Olimpiyadalarının layihə koordinatoru Dr.İbrahim Erdoğan: “Türk dünyası sivil toplum zirvəsinin Eskişehirdə keçirilməsi türk dünyasının birliyinə bir xidmətdir, bu xidməti hər birimiz dəyərləndirməliyik”.
Kader Mahkumları Dərnəyinin rəhbəri Necdet Yüksel: “Mənə elə gəlir ki, burada müzakirə olunan məsələlərin həllinə çalışmalıyıq. Növbəti belə tədbirlərdə nəticələr əldə etməliyik. Yoxsa hər il yığışıb hansısa məsələni müzakirə etmək bizə heç nə verməyəcək”.
***
Zirvə toplantısının sonuncu günündə – mayın 13-də bağlanış olub. İctimai Araşdırmalar Dərnəyinin (Kamu Araştırmaları Vakfı) başkanı Ali Hikmet Tuncer toplantıya yekun vurub və hər bir iştirakçını sertifikat və hədiyyələrlə mükafatlandırıb. Daha sonra proqrama uyğun olaraq Eskişehirə ziyarət səfərinə çıxdıq.
Eskişehirin tarixi yerlərini gəzdikdən sonra “Saffron”a qayıtdıq. Səhər saat 7-də İstanbula yola düşdük. Əsas məqsəd zirvə toplantısına qatılan xarici qonaqları İstanbul boğazı gəzintisini təşkil etmək, gəmidə nahar və boğaz ətrafı Türkiyənin tarixi abidələri ilə tanış etmək idi. Bu tur da uğurlu alınıb. Gəmi səyahəti xarici qonaqların yaddaşında dərin iz buraxıb. Daha sonra dünyaca məşhur Ayasofya, Sultan Əhməd cameləri, Yerebatan Sarnıcı tarixi abidələrin ziyarətində olduq. Topqapı sarayı isə buranı ilk görənlərin əsl heyrətinə səbəb olub. Saat 16.00-ı göstərirdi. İstanbula Atatürk Hava limanına üz tutduq ki, təyyarə reysinə çata bilək. Yol boyunca Kamu Araştırmaları Vakfının müdiri Halil Yıldırım bizi darıxmağa qoymayıb. Azərbaycan və türk dillərində mahnılar oxumaqla bizi İstanbuldan öz ölkəmizə yola saldı.
***
Onu da qeyd edək ki, Türk Dünyası Sivil Toplum Zirvəsi ilk dəfə idi ki, keçirilib. Tədbirin təşkilində bir sıra nöqsanlar da vardı, bunu danmaq olmazdı. Məsələn, apardığımız müşahidələr və söhbətləşdiyimiz qonaqların fikirləri bizə onu deməyə əsas verdi ki, bu qədər qonağın bura dəvətinə ehtiyac da yox idi. Türk mediasından heç bir nümayəndənin orada olmaması da bizi təəccübləndirən məqamlardanıydı. Medianın bu tədbiri işıqlandırmamasının da bir sıra obyektiv və subyektiv səbəbləri olub. Amma bütün hallarda bu zirvə toplantısı bütün türk dünyasını bir araya gətirdisə, bu yalnız alqışlanmalı və təqdirəlayiq hal hesab edilməlidir. Bu onu göstərir ki, biz istənilən vaxt bir yerə toplana bilərik. Bu zirvə toplantısında yadlar doğmalaşdı, bir-birimizi tanıdıq. Əlaqələrimiz genişləndi, dərdlərimizi bölüşdük, problemdən çıxış yollarını birlikdə aradıq. Eskişehir dini bir, dili müxtəlif olan türkləri, müsəlmanları bir-birinə qovuşdurdu, türk sivil toplum quruluşlarının birlik yoluna bu şəhərdən çıxdıq. İndi qalır bu birliyi qoruyub, saxlamaq, bu yolu birgə addımlamaq. Bunu edə biləcəyikmi???
Cavid Şahverdiyev
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri
Bakı-İstanbul-Eskişehir-Bakı

Administratorla əlaqə

077 611-55-22

[email protected]