Əsas Səhifə / Müsahibə

“Gürcüstanda hakimiyyət dəyişsə də soydaşlarımıza münasibət dəyişmir”

10-04-2014, 21:18

Gürcüstan Naminə Partiyasının sədri, Gürcüstan prezidentliyinə keçmiş namizəd Fazil Əliyevin Avrasiya.net-ə müsahibəsi
Partiya sədri əvvəlcə Gürcüstan-Azərbaycan münasibətləri ilə bağlı sualımızı cavablandırdı. F.Əliyev bildirib ki, hazırda iki dövlət arasında iqtisadi əməkdaşlıq inkişaf etməkdədir, Azərbaycanın müəllifi olduğu iqtisadi layihələrin Gürcüstan ərazilərindən keçməsi onu deməyə əsas verir ki, bu münasibətlər gələcəkdə də inkişaf etdirilsin.
- Amma hər dəfə Gürcüstan hakimiyyəti yeniləşsə də soydaşlarımıza qarşı münasibət də dəyişilməyib. Yeni gələn hakimiyyətin seçki öncəsi verdiyi vədlər yerinə yetirilmir…
- Bu tamamilə düzdür. Hakimiyyətin bizə qarşı münasibəti dəyişməyib, əksinə daha da aqressivləşir. Bilirsiniz, mən Saakaşvilini heç vaxt prezident kimi qəbul etməmişəm. Saakaşvilinin cinayətləri çox olub və buna görə də beynəlxalq axtarışa veriləcək. Onun prezidentliyi dönəmində baş nazir olmuş Vano Merabişvili, keçmiş daxili işlər naziri hazırda həbsxanadadır. Çox ehtimal var ki, gələcəkdə Tiflisin meri Qiqi Uqulava da həbs olunsun. Gürcüstan əhalisi Saakaşvili və onun ətrafını, Milli Demokratik Dirçəliş Hərəkatını kriminal dəstə kimi qəbul edib. Saakaşvili hakimiyyəti dönəmində 30-dan çox azərbaycanlı qətlə yetirilib. Bu hadisələrlə bağlı cinayət işi açılsa da, amma bir iş belə açılmayıb, nə də bu barədə düşünülmür. Baxmayaraq ki, çoxlu dəlil, subutlar var.
O ki, qaldı Gürcüstan hakimiyyətinin azərbaycanlılara qarşı münasibətinə, sizinlə razıyam ki, xeyli vaxtdır hakimiyyətin dəyişməsinə baxmayaraq, soydaşlarımıza qarşı münasibət də dəyişməyib, əvvəlki kimi qalıb. Bu yaxınlarda mən Gürcüstan mətbuatına verdiyim müsahibədə də bu məsələni qabartdım. Gürcüstan hakimiyyətinin marağında deyil ki, orada yaşayan soydaşlarımız gürcü dilini bilsin, cəmiyyətə inteqrasiya olunsunlar. Amma bu maneələrə baxmayaraq minlərlə gəncimiz Gürcüstanın ali təhsil müəssisələrində təhsil alırlar, oranı bitirilər, lakin hələ də işsizdirlər. İlk Olimpiya çempionumuz Kamandar Məcidov Dmanisdəndir. Amma o burada yaşayarkən rayon çempionu belə ola bilmirdi. Amma Bakıya getdikdən sonra Olimpiya çempionu oldu. Fərid Mənsurov da əslən gürcüstandandır. Rəşid Behbudov da burada yaşıyıb, Vaqif Mustafazadə, Niyazi də. Bunu ona görə deyirəm ki, bu kimi dünya şöhrətli azərbaycanlılarımız Gürcüstanda olarkən tanınmamışlar. Vaqif Məmişovu götürək. Vaxtilə işsiz idi. Amma Gürcüstan sərhədlərini aşandan sonra milyoner oldu. Mən sual etdim ki, niyə bu vaxta qədər Gürcüstanda yaşayan 800 mindən çox azərbaycanlı arasında bir professorumuz, çempionumuz, doktorumuz, incəsənət xadimimiz, rejissorumuz, vəzifəlimiz yoxdur. Amma sərhəddən kənara çıxandan sonra şöhrətlənirik. Bu gün Gürcüstan məhkəmə və prokuror sistemində bir azərbaycanlı belə yoxdur. Amma Qırmızı Körpüdən keçib Azərbayacan gələn, orada yüksək vəzifə sahibi olur. Məsələn Zakir Qaralov baş prokurordur.
Demək istəyirəm ki, Gürcüstanda azərbaycanlıların əksəriyyəti elitar təbəqə nümayəndələri olmalarına baxmayaraq hakimiyyətin təzyiqi altındadır. Soydaşlarımızın bilik və potensialından, dünya görüşündən istifadə etmirlər, onları işdən azad edirlər. Mən bildirdim ki, əgər Gürcüstan hakimiyyətinin soydaşlarımıza qarşı münasibəti dəyişməzsə bir partiya sədri kimi ətrafımızdakılarla birlikdə öz sözümüzü deyəcəyik, qəti mövqeyimizi və gücümüzü ortaya qoyacağıq. Yenidən “Milli azlıqlar haqqında” və “Dini azlıqlar haqqında” qanunların qəbuluna çalışacağıq. Konstitusiya çərçivəsində haqqımızı, hüququmuzu tələb edəcəyik. Əslində biz milli azlıq deyilik, 800 min azərbaycanlı milli azlıq kimi qəbul olunmamalıdır. Biz Gürcüstanda gürcülərdən sonra sayca ikinci xalq hesab olunuruq. “Dini azadlıqlar haqqında” qanunun olmaması da bizim din sahəsindəki problemlərimizin həllini çətinləşdirir. Ad çəkmirəm, həbsxanada yatanları gətibir bizə baş axund təyin ediblər. Bu bizim millətə təhqirdir. Gürcü dilini bilməyən, cəmiyyət arasında nüfuzu və çəkisi olmayan, savadsız azərbaycanlıları tapıb hansısa vəzifələrdə yerləşdirirlər, bizim rəhbərlzrimiz təyin olunurlar. Xaricdən gələn nümayəndə heyətlərinə onların timsalında azərbaycanlılara böyük diqqət və qayğı göstərildiyini deyirlər.
Sual edirəm: niyə hakimiyyət bizim aramızda satqın axtarıb tapır, onları irəliyə çəkir, onlara “stavka”lar edir. Mən 23 yaşımda şəhər meri, icra başçısının müavini, millət vəkili, iş adamı olmuşam. Gürcüstan hakimiyyətində çalışan istənilən məmurla polemikaya girməyə hazıram. Gürcülərin özlərinə ana dillərində necə danışmağı başa salaram, tarixi öyrədərəm. Buna həm təcrübəm, həm də intellektual səviyyəm çatır. Mənim kimi intellektual səviyyəli azərbaycanlılar az deyil, amma hakimiyyət tərəfindən diqqətdən kənar saxlanılıblar. Savadsızlar, intellektual səviyyəsi olmayan, gürcü dilini bilməyənlər irəli çəkilirlər və dünya ictimaiyyətinə də bəyan edirlər ki, baxın, gürcü dilini bilməyən azərbaycanlıya da biz vəzifə veririk.
Mən deyərdim ki, Saakaşvili hakimiyyəti dönəmində nəinki ayrı-seçkilik, birbaşa azərbaycanlılara qarşı soyqırım siyasəti aparıldı. Beynəlxaq qanunlarda Saakaşvilinin azərbaycanlılara qarşı törətdiyi cinayətlərin soyqırım olduğunu deməyə əsas verir. Onlarla qədim Azərbaycan kəndinin adı dəyişdirilərək gürcüləşdirildi, 30 soydaşımız öldürüldü, on minlərlə soydaşımızın bütün sahələrdə hüquqları pozuldu, onlar təqib olundular, döyüldülər və s. Bunlar soyqırım demək deyilmi? 2005-ci ildə ailəmə qarşı təzyiqlər baş vermədimi, orta məktəbdə oxuyan uşağımı yaralamadılarmı, onlara silahlı hücumlar edilmədimi? Atam nəvələrinin bu durumunu görüb insulit keçirdi və dünyasını dəyişdi. Övladlarımı məktəbdən belə oğurlamaq istədilər. Bu genosid deyilmi? Bu vaxta qədər ailəmə qarşı belə basqılarla bağlı ölçü götürülməyib. “Rustavi 2” telekanalı bu hadisəylə bağlı 1 saatlıq buraxılış hazırladı. 10-dan artıq telekanal isə ailəmin başına gətirilən müsibətlərdən bəhs etdi. Dəqiq bilinir ki, bu cinayəti kim törədib, dəlil və sübutlar var. Amma heç bir ölçü götürülmür. Telekanalda məktəbin müəlliməsi danışdı ki, o, uşaqları necə gizlədib ki, məktəbə soxulan əli silahlılar onları öldürməsinlər. Suriyanın özündə belə dəhşətli hadisələr baş verməyib. Necə ki, Tiflisdə məktəbə soxulan silahlılar məktəblilərə atəş açıblar. Biz hüquqlarımızın Gürcüstan hakimiyyəti tərəfindən konstitusiya çərçivəsində qorunmasını tələb edirik, lazım gələrsə hakimiyyəti beynəlxalq məhkəməyə də verərik. Belə davam edəcəksə azərbaycanlıların ölkədən axını baş verəcək. Mən Gürcüstan hakimiyyətinə də mətbuat vasitəsilə təklif etdim ki, soydaşlarımızın cəmiyyətə, siyasi proseslərə inteqrasiyasını sürətləndirmək üçün layihəmin həyata keçirilməsində köməklik göstərsinlər, buna mane olmasınlar. Amma görünür bu layihə onların maraq dairəsində olmadığından səsimə səs vermədilər. Mən Gürcüstan ziyalılarına səsləndim ki, osetin və abxazların Gürcüstanın tərkibindən çıxıb öz müstəqilliklərini elan etmələrinə pis baxdığınız bir halda bu gün onları bura dəvət etsəsəniz də gəlməyəcəklər. Çünki, onlar Gürcüstan hakimiyyətinin azərbaycanlılara qarşı münasibətini görürlər. Onlar burada bizə göstərilən münasibətlə üzləşəcəklərindən, bizə qarşı olan təqib və təyziqlərə məruz qalacaqlarından qorxacaqlar. Dini ayrı seçkiliyə, soyqırıma, faşizmə son qoyulmalıdır.
Türkiyə kimi demokratik bir dövlətin başında milliyyətcə gürcü (laz) olan Ərdoğan durursa, nədən Gürcüstanın özündə 800 min azərbaycanlı içindən belə bir məktəb direktoru olmasın. Olanlarını da işdən çıxarırlar. Məsələn, Tiflisdə 2 Azərbaycan məktəbindən birinin, “Ponicala”, əvvəlki adı “Soğanlıq” olub, direktorunu çıxarıb yerinə gürcünü qoyublar. Hətta onun müavinini belə. Vaxtilə mənim yanımda köməkçi işləyən biri indi rəhbər vəzifələrə təyin olunur. Hansı ki, ona ictimai-siyasi davranışı mən öyrətmişəm. İndi bizə yuxarıdan aşağı kimi baxırlar. Bizim aramızdan ən yüksək vəzifə məktəb direktorudur. Onu da ki, güclə verirlər. Gürcüstan parlamentində kiminsə haradansa tutb gətirdiyi 2-3 millət vəkilimiz yox, 25-30 millət vəkilimiz olmalıdır. Hakimiyyətin də bütün sahələrində bu faizlə təmsil olunmalıyıq. Bunu bizim sayımız tələb edir. Əgər Gürcüstanda demokratiya, söz azadlığı və insah haqları qorunursa bu belə olmalıdır.
- Fazil bəy, Gürcüstanda 800 min azərbaycanlının hüququ bu şəkildə pozulursa, nədən aramsız aksiyalar keçirilimir və yaxud da hakimiyyətə mesaj kimi Borçalının muxtariyyatı məsələsi gündəmə gətirilmir?
- Hərdən bu kimi məsələlərdə mənim fikrimi öyrənirlər. Mən dedim ki, hakimiyyətin hansısa xalqa qarşı belə aqressivliyi onu separatçılığı sürükləyir. Xalq əziləndə, hüququ tapdalananda ən pis varianta əl atır. Baxın, azərbaycanlıların kompakt yaşadıqları rayon və kəndlərin demək olar ki, əksəriyyəti kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğuldur. Biz istehsal etdiyimiz məhsulu xaricə çıxara bilmirik. Azərbaycanda gömrükdə rüşvət var, Türkiyəyə lazım deyil bizim məhsullar, ehtiyacı yoxdur, Rusiya ilə müharibə vəziyyətindəyik, oarnın bazarlarına da girə bilmərik, Gürcüstanın özündə isə məhsullar ucuzdur. Çünki məhsul çoxdur. Burada 30 kilo pomidor 2-3 lariyə satılır. Belə bir vəziyyətdə biz nə etməliyik. Ailələrimizni necə dolandırmalıyıq. Hakimiyyət bizi işlə təmin etmir, əməyimizlə yetişdirdiyimiz məhsulların isə satışına maneələr var.
Bu yaxınlarda məlumat yayıldı ki, burada Rusiya konsulluğu qarşısında böyük növbə yaranıb. Cavaxetiya erməniləri rus pasportları alırlar. Bu həqiqətdir. Mən azərbaycanlıların da bu məsələ ilə bağlı fikirlərini öyrəndim. Onlar bu prosesi bəyəndiklərini dedilər. Dedilər ki, belə davam edərsə çox güman ki, biz də rus pasportları alacağıq. Düzdür, bu mövqe məni məyus etdi. Amma reallıqla barışmaq məcburiyyətindəyik. Bilirsiz, açığını deyim ki, Azərbaycanda Gürcüstan azərbaycanlılarından cinayətkar obrazı yaradırlar. Bizi orada cinayətkar kimi görürlər. Azərbaycana getmək istəyən soydaşlarımız müxtəlif maneələrlə üzləşirlər, geri isə qayıtmaq müşkül məsələyə çevrilir. Azərbaycanın bizimlə bağlı miqrasiya problemi var. Elə soydaşımız var ki, hələ də Azərbaycanda qalıb qayıda bilmir. Pul tələb edirlər, hansısa məbləğ müəyyənləşdirirlər, qayda pozuntusuna görə. Bu zaman biz nə etməliyik. Azərbaycan tərəfindən maneələrlə üzləşirik, bizi cinayətkar obrazı kimi qəbul edirlər, Gürcüstanda təqiblərə məruz qalırıq, hüquqlarımız pozulur, qalır Rusiya və yaxud da başqa postsovet ölkəyə getmək. Ermənilər rus pasportlarını aldıqdan sonra maneəsiz Rusiyanın istənilən şəhərinə gedib öz malını satacaq. Bəs biz nə edəcəyik?
Azərbaycanın buradakı şirkətləri də millətimiz üçün çalışmır. Mənim oğlum yeganə azərbaycanlıdır ki, Cavaxaşvili adına Tiflis universitetini bitirib. SOCAR-dan onun təhsil haqqına köməklik etməsini xahiş etdim, vermədi. Burada yalnız çoxu savadsız olan normal oxuya bilməyən, amma yaxşı əlaqəsi olan və bəlkə də rüşvət verənlərə köməklik edirlər. Ya da kiminsə qohumu və adamı olmalıdır. SOCAR və digər Azərbaycan şirkətlərinin 10 milyonlarla pulu hara xərclədiyini görsəniz dəhşətə gələrsiz. Onlardan soruşun və hesabat tələb edin, görün il ərzində nə qədər pulu hansı lazımsız yerə xərcləyiblər. Məsələn, şahmata və Gürcüstan futboluna xərclənən pullarla bəlkə də Azərbaycanın bir neçə rayonunun büdcəsini təmin etmək olardı. Buradakı soydaşlarımıza isə 1 manat verəndə narahat olurlar.
Bildiyimə görə Azərbaycanın Gürcüstanda 300-ə yaxın şirkəti fəaliyyət göstərir, amma onların bizim millətə heç 5 qəpiklik də xeyri yoxdur. Bizim soydaşlarımız həmin yanacaqdoldurma stansiyalarında günü 5 lariyə işləyirlər, müdirlər isə Bakıdan gəlib. Təhlükəli işlərdə bizimkilərə yer verilir. Azərbaycan hakimiyyəti də Gürcüstan hakimiyyəti kimi satqın və savadsızların əli ilə çoxlu pullar silirlər. Görünür hər iki hakimiyyətə ağıllı adam lazım deyil, sərf etmir. Amma bilməlidirlər ki, “ucuz ətin şorbası dadlı olmur”.
- Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında, orada yaşayan soydaşlarımızın cəmiyyətə inteqrasiyasi istiqamətində “Borçalı” cəmiyyəti də yaxından iştirak edir.
- Mən o cəmiyyətin sədri Zəlimxan Məmmədlini yaxşı tanıyıram. Birincisi o əslən Gürcüstandan deyil. İkincisi, gürcü dilində “salam” sözünü belə bilmir, Gürcüstandan, onun tarixindən, siyasi kursundan belə anlayışı yoxdur. Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyası üçün, Azərbaycan-Gürcüstan əlaqələrinin möhkəmləndirilməsi üçün bura gələn şəxs gürcü dilini bilməlidir, onun tarixini, keçmişini, mədəniyyətini öyrənməlidir, mətbuatında, televiziyasında, ali təhsil ocaqlarında çıxış etməlidir və s. İndi bu şəxs “Borçalı” adlı bir ququm yaradıb atılıb ortaya. Hər il gəlir bura “Elat günləri” adı altında çəkilirlər dağlara 4-5 toğlu kəsib yeyib qayıdırlar Bakıya. Sonrada da hay çəkirlər ki, bunlar orada hansısa tədbir keçiriblər. Zəlimxan Məmmədlinin intellektual səviyyəsi yoxdur. Sorğu keçirilsə, Gürcüstan ziyalıları arasında reytinqinə görə 20 mininci yer tutar. Bizim kəndlərdəki ziyalılarımız ondan səviyyəlidirlər. Gəlib burada dağların ətəyində kabab yemək, şəkil çəkdirməklə iş bitmir. Zəlimxan Məmmədlinin “duxusu” varsa gəlsin Tiflisə, bir geniş auditoriya qarşısında çıxış etsin, bir neçə gürcü ziyalısı, siytasətçini başına toplasın soydaşlarımızın problemlərini müzakirə etsin, televiziyaya çıxsın. Bunu bacarmırsa, yanıma gəlsin, mən onun üçün belə şəraiti yaradım. Bakıda “Borçalı” kimi yaradılan təşkilatların Gürcüstan azərbaycanlılarına yalnız ziyanı dəyir. Bakıda Gürcüstan azərbaycanlılarının adından danışanlar, buradan Bakıya qaçıb gedənlər gəlsinlər və yaxud da mən gedim ora, oturaq görək kim soydaşlarımız üçün nə edib, müzakirə aparaq. 1988-90-cı illərdə, hələ mən gənc yaşlarında Milli Azadlıq Hərəkatında qoşulan vaxtlarda, barrikadalar qurub, hücumlardan qorunanda indi Gürcüstandakı soydaşlarımızın hüquqlarının qorunmasından danışan Zəlimxan Məmmədli kimilər hardaydı? Mən o zaman Milli Azadlıq Hərəkatının önündə idim, sonradan liderlərindən biri oldum. Hakimiyyətdə sözüm keçdi, bu şans məni millətimin qorumasında böyük rol oynadı. O vaxtları Bolinisi, Marneuli, Dmanisidən xeyli sayda azərbaycanlı qaçdı. Amma Qardabanidən bir azərbaycanlı belə qaçmadı. Çünki o zaman mən rayon icra başçısının 1 müavini idim. Bir azərbaycanlının belə burnu qanamadı, bir azərbaycanlını belə işdən çıxarmadılar, hüququ tapdalanmadı. Mən və ətrafımdakı millətini sevənlər minlərlə idmançı yetişdirdik, indi onlar adlı-sanlı idmançılarımızdırlar. Minlərlə insanın hüququnu gücümüz çatan qədəri qoruduq. Bəs onlar nə ediblər?
- Gürcüstanda ermənilərlə münasibətləriniz və Qarabağ münaqişəsinə baxışlarınız, bu kimi məsələlərdə onlarla müzakirəniz maraqlı olardı.
- Gürcüstan mənim vətənimdir, babalarım 1500 ildən artıq bu yerlərin sakinləri olublar, Tiflisin tikintisində, salınmasında iştirak ediblər. Mən bura kənardan gəlməmişəm. Buradakı ermənilərlə münasibətlərimiz yaxşıdır, görüşürük, söhbətləşirik. Düzdür, dostluq münasibətlərimiz, gediş-gəlişlərimiz yoxdur. Təbii ki, Qarabağ bütün dünya azərbaycanlıları kimi mənim də dərdimdir. Qardaşım Qubadlıda könüllü olaraq döyüşüb. İtkin düşəndən sonra onun axtarışına mən də qoşuldum. Laçına kimi gedib onu tapmışıq, yəni onun döyüşdüyü bölgələridə də olmuşam. Qarabağ üçün, Azərbaycanın ərazi bütövlüyü üçün bu gün də mən başda olmaqla ailəmin, nəslimin bütün kişiləri əlimizə silah götürüb döyüşməyə hazırıq.
Bilirsiniz, bu gün Gürcüstanda bir çox erməni gürcü soyadını götürdüyündən kənardan gələn onun erməni olduğunu aydınlaşdıra bilmir. Saakaşvilinin özü erməni əsilli olub. Düzdür, Azərbaycanda onu çox sevirlər, amma fakt odur ki, atası, babası Mixail Saakov Tiflis universitetinin rektoruydu. Sabiq baş nazir Merabişvili də erməni idi. Bunu ona görə dedim ki, Gürcüstan cəmiyyətində azərbaycanlıların ermənilərlə qaynıyıb, qarışmasında milli mənsubiyyətlər önə çəkilmir. Amma bütün hallarda milli maraqlarımızı qoruyub saxlayırıq.
- Gürcüstan Müsəlmanları İdarəsinin yaranması orada yaşayan soydaşlarımızın dini problemlərinin həllinə köməklik göstərdimi?
- Qafqaz Müsəlmanları İdarəsinin yarıtmaz işinin nəticəsi olaraq Gürcüstan Müsəlmanları İdarəsi yarandı. Bu sistemdə də korrupsiya halları mövcud idi. Burada Allahşükür Paşazadənin bir nümayəndəsi vardı, Məşədi Əli. O, dindən başqa bütün işlərlə məşğul idi. Parlament seçkilərində millətimizə düşmən kəsilən bir namizədi dəstəkləyirdi. Ondan soruşdum ki, Əli, niyə sən özünü siyasətə baş qoşursan, axı din adamısan. Heç nə demədi, elə siyasətlə məşqul oldu. Axırda onun kimliyini araşdırdılar və bəlli oldu ki, bu adamın heç dinə aidiyyəti yoxdur. Onların çoxu bizneslə məşğul oldular, partiya sədrləri ilə görüşdülər və s. Necə deyərlər QMİ-ni çevirdilər biznes mərkəzinə. QMİ-nin Gürcüstanda nümayəndəliyi ləğv olunanda 5 müsəlman tapmadılar ki, buna etiraz etsinlər. Çünki hərəsi bir dövlətə işləyirdi. İndi də bu sahədə çatışmazlıqlar, boşluqlar var. Bu günki gündə həqiqi dinə xidmət edən müsəlmanlarımız var ki, onların fəliyyətləri də məhdudlaşdırılıb. Milli azlıqlar haqqında qanunun qəbulundan sonra biz bu sahədə də şəffaflığı təmin edəcəyik. Bu gün ora təyin olunan rəhbəri də qəbul etmirlər.
- Fazil bəy, Bakıdan ora soydaşlarımızla görüşə gələnlərdən, onların problemlərini diqqətdə saxlayanlardan biri də millət vəkili Qənirə Paşayevadır. Onun da bu səfərlərinin xeyri olmur?
- Qənirə Paşayevanın Gürcüstana səfərlərinin nə mənası var. Qənirə xanım gürcü dilini bilmir onları tanımır. O, rusca danışır gürcülərin çoxu da onun danışdığını bilmir. Sazı gətirib gürcüyə verməsinin nə mənası? Sazın bizə nə dəxli var? Bizi aşıq və kriminal dəstə kimi niyə cəmiyyətə sırıyırlar? Qənirə xanımın, Zəlimxan Məmmədlinin bizə yol göstərməsi gülməlidir. Onun burada görüşlərinin heç bir mənası olmur. Onun çıxışları bizim intellektual səviyyəmiz ilə uyğunlaşmır. Azərbaycanın həm keçmiş, həm də indiki tanınmaşlarının əksəriyyəti Gürcüstandan Bakıya köçənlər olub. Belə olan halda niyə Qənirə xanım bura gələndə kiməsə saz bağışlayır. Bizi yalnız ictimaiyyətə aşıq, kriminal kimi təqdimat kimə nə qazandırır? Bir də o nəyə görə Bakıya qayıdandan sonra gürcüstanlıların adından danışmalıdır, kim ona bu hüququ verib? Əgər rasmi Bakının bura gələn nümayəndələri soydaşlarımızın hüquqlarını belə qorumaqda maraqlıdırlarsa onda normal iş qurvalıyıq. Bu işi də onlar təkbaşına qura bilməzlər. Çünki buradakı proseslərdən xəbərsizdirlər, Gürcüstan qazanında bişən xörəklərin tamını bilmirlər. Ayda bir neçə dəfə gəlib burada 10-15 adamla görüşüb getmək iş demək deyil.

Administratorla əlaqə

077 611-55-22

[email protected]