Əsas Səhifə / Elm

8 nömrəli Bakı Peşə Liseyindən şikayət var

23-12-2015, 20:35

Mövzuya dair dərc etdiyimiz digər materiallarda da dəfələrlə qeyd etdiyimiz kimi, bu gün məhz peşə liseyləri sitemində təhsil almış mütəxəssislər kifayət qədər geniş və əhatəli sahələrdə əmək fəaliyyəti göstərirlər. Elə bu səbəbdən də bu sahədə həyata keçirilən hər hansı dəyişikliklər ən qısa zamanda ictimai həyatımızın bir çox sahələrində öz təzahürünü tapır. Bu təzahürlərin pozitiv və ya neqativ olması isə məhz gənclərimizin təhsil və peşə öyrənmə prosesi zamanı hansı prinsiplər əsasında formalaşmalarından asılı olur. Bu məsələnin ictimai maraqlar baxımından həlli isə bir çox hallarda olduğu kimi, konkret müəssisəyə rəhbərlik edən kadrların həm şəxsi, həm də professional keyfiyyətləri ilə müəyyənləşir. Təəssüflər olsun ki, bu gün ölkədə fəaliyyət göstərən bəzi tədris müəssisələrinə rəhbərlik hələ də səriştəsiz kadrlar tərəfindən həyata keçirilir. Belə müəssisələrdən biri də Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən Ruslan Quliyev adına 8 nömrəli Bakı Peşə Liseyidir. Artıq bir neçə müddətdir ki, bizimdovr.az-a təqdim olunan məlumatlarda bir çox ixisaslar üzrə kadrların hazırlandığı bu liseydə ciddi nöqsanlar mövcud olduğu bildirilir. Məlumatları təqdim edən mənbənin sözlərinə görə, məhz liseyin direktoru Qulam Nəzərovun yol verdiyi bir çox qanun pozuntuları səbəbindən son vaxtlar bu tədris müəssisəsinin fəaliyyəti tənəzzülə uğramaqdadır. İrəli sürülən iradlar isə ilk növbədə liseydə dərslərə davamiyyətin aşağı olması xüsusundadır. Mənbə iddia edir ki, bu gün 8 nömrəli Bakı Peşə Liseyində bir çox şagirdin adı sinif jurnallarında qeyd olunsa da, əslində onlar dərslərdə iştirak etmirlər. Çünki burada təhsil alan şagirdlərin bir qismi müxtəlif səbəblər üzündən "aylığa” buraxılırlar. Bunun müqabilində isə həmin şagirdlər hər ay lisey direktoruna müəyyən məbləğdə ödəniş edirlər. Qeyd edək ki, hələ bir neçə il bundan öncə, bu liseydə yetim və kimsəsiz uşaqlar təhsil alırdılar. Lakin bu gün burada oxuyan şagirdlərin demək olar ki, hamısı normal ailələrdən çıxan uşaqlardır. Bu xüsusda açıqlama verən mənbə bildirir ki, məhz bu hal Qulam Nəzərovun liseyin şagirdlərinə qarşı müəyyən tələblər irəli sürməsi üçün əlverişli şərait yaradıb. Daha sonra məlumatlarda liseydə mütəmadi olaraq müxtəlif bəhanələrlə pul yığımlarının da həyata keçirildiyi vurğulanır. Həmçinin daxil olan müraciətlərdə birmənalı olaraq bildirilir ki, 8 nömrəli Bakı Peşə Liseyində bu gün normal təhsildən əsər-əlamət belə yoxdur. Elə buna görə də liseyin məzunları ixtisaslarına uyğun işlə təmin olunmaq məqsədilə müraciət etdikləri müəssisə və şirkətlərdə qeyri-peşəkar kadrlar kimi qarşılanırlar. Bütün bunların məsuliyyəti isə birbaşa liseyin direktoru Qulam Nəzərovun üzərinə düşür. Həmçinin daxil olan məlumatlarda liseyin maddi-texniki bazasının da müasir tələblərə cavab vermədiyi bildirilir. Qeyd olunur ki, burada süni şəkildə yaradılan şəraitsizlik şagirdlərin müasir peşələrə yiyələnməsinə əngəllər törədir. Lakin 8 nömrəli liseydə korrupsiyaya məruz qoyulanlar heç də təkcə şagirdlər deyil. Daxil olan müraciətlərdən məlum olur ki, müxtəlif pul tələbləri eynilə liseyin müəllim kollektivinin də qarşısında qoyulur. İddialara görə, hər il və yarımilə onlara dövlət tərəfindən ayrılan dərs yükünü almaq üçün müəllimlərdən 300 manatdan 500 manata qədər məbləğdə pul istənilir. Bütün bunlar belə deməyə əsas verir ki, 8 nömrəli Bakı Peşə Liseyinin fəaliyyətinin bu gün Təhsil Nazirliyi tərəfindən ciddi şəkildə araşdırılmasına böyük ehtiyac var.

Materialda irəli sürülən ittihamlara dair lisey rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]